Əgər siz sənətin qoxusunu duymaq istəyirsinizsə uzaq ölkələrə deyil, məhz İçərişəhərə səyahət edə bilərsiniz! Çünki burada zaman incəsənətin rəngləri ilə axıb keçir.

Bakı Fotoqrafiya Evi 2019-cu ilin 16-23 aprel tarixlərində “İçərişəhər” DTMQİ və Kuba Respublikasının Azərbaycandakı səfirliyi tərəfindən təşkil edilən “Havana – 500 il” adlı foto sərgiyə ev sahibliyi edir. Aprelin 16-da Zəncirli Binada bu eksklüziv sərginin açılış mərasimi keçirildi. Tədbirdə iştirak edən “İçərişəhər” DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov və Kuba Respublikasının ölkəmizdəki Fövqəladə və Səlahiyyətli səfiri Alfredo Nieves Portuondo tarix, memarlıq və incəsənətin gözəlliyindən və hər iki ölkədə qədim şəhərlərin olmasının əhəmiyyətindən söz açdılar. Bu il 500 yaşını qeyd edən Havananın yaranması şərəfinə təşkil edilən sərgi qonaqlarda da olduqca xoş əhval-ruhiyyə doğurdu.

Havana Yeni Dünyanın ən qədim şəhərlərindən biri hesab edilir. 1519-cu il 16 noyabrda ispan konkistadoru Dieqo Velaskes San Kristobal-de-la-Abana qəsəbəsinin əsasını qoymuş, sonradan bura indiki adını almış və Kubanın paytaxtına çevrilmişdir. 1982-ci ildə şəhərin tarixi hissəsi olan Köhnə Havana YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir. Burada böyük tarixi əhəmiyyət kəsb edən üç mindən çox tikili mövcuddur.
Sərgi ziyarətçiləri məşhur kubalı fotoqraf Vladimir Molina Espadanın əsərləri ilə tanış ola biləcəklər. Vladimir Molina ali təhsilini Matansas Universitetində almış, “Combate News”, ICRT-də foto müxbir kimi çalışmışdır. Hal-hazırda “Prensa Latina”da foto jurnalist kimi çalışan Espada eyni zamanda müxtəlif beynəlxalq tədbirləri işıqlandırır. Sərgidə müəllifin Köhnə Havananı əks etdirən 30 ədəd əsəri nümayiş edilir.