“İçərişəhər” DTMQİ-nin təşəbbüsü və təşkilatçılığı ilə həyata keçirilən “PEOPLE IN ICHERISHEHER” layihəsi Azərbaycanın tarixi və mədəni incisi olan İçərişəhərin təbliğinə töhfə vermək məqsədilə düşünülmüşdür. Tanınmış insanların, media mənsublarının, izləyici kütləsinin sevilən simalarının qonaq olduğu bu layihədə müsahiblərimiz İçərişəhər haqqında olan xatirələrini, təəssüratlarını bölüşərək insanlara qədim məkanın təkrarolunmaz gözəlliyindən və dəyərindən bəhs edirlər. Layihənin bu dəfəki qonağı isə incəsənətin vurğunu olan jurnalist Səbinə Minzeyn oldu. O, qəlbinin ən dərinliklərində İçərişəhər haqqında gizlətdiyi hislərini bizə söylədi:

Əslində mən İçəri Şəhərin həqiqi qüdrətini və gözəlliyini heç də uzun illər öncə deyil, yaxın keçmişdə kəşf etmişəm. Təqribən 5-6 il əvvəl... O zaman mən “Azərbaycan Qadını” jurnalının redaksiyasında işləyirdim və bizim ofisimiz Məhəmməd məscidinin yaxınlığında yerləşirdi. Hər gün, səhər və axşam mən bu qala şəhərin küçələri ilə gəzir və onun abu-havası getdikcə daha çox mənim daxili aləmimə nüfuz edirdi. İndi isə İçərişəhər mənim üçün dəyanətimi artıran mərkəzə çevrilib. Mənim ruhum burada müsbət enerji ilə dolur, gündəlik qayğılardan uzaqlaşır. Mən və doğma şəhərim arasında heç bir sərhəd qalmır. Yalnız mən və o... ⠀


Səbinə Minzeyn
Jurnalist, marketinq üzrə menecer, @beauteholique onlayn mağazasının həmtəsisçisi