Ənənəvi olaraq ölkəmizdə Novruz bayramı mərasimlərinin əsas təşkilatçılarından olan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 21-22 mart tarixlərində “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda “İçərişəhər” Muzey Mərkəzinin təşkilatçılığı ilə “Sənətkarlıq məhəlləsi - 2019” adlı festival keçirmişdir. Açılış mərasimində Qoruq İdarəsi nümayəndələrinin, Qala kəndi ağsaqqallarının və qonaqların bayram təbrikindən sonra təntənəli şəkildə Novruz tonqalı yandırıldı.
   Festivalın proqramı olduqca rəngarəng təşkil edilmişdir. Bayram meydanında qurulmuş “sənətkarlıq məhəlləsi”ndə tamaşaçılara keramika, döymə, tikmə-toxuma, ağacoyma kimi xalq sənəti növlərinə aid nümunələr təqdim edilmiş, onların hazırlanma prosesi nümayiş etdirilmişdir.
   Meydanda həmçinin milli mətbəximizin ən məşhur təamlarından olan kabablar, qutablar, səməni halvası, şabalıd qovurması və s. elə orada, ocaq üstündə bişirilərək qonaqlara təqdim edilmişdir.
   “Atəşgah Art Center”in təşkil etdiyi zəngin və əyləncəli bayram proqramı ziyarətçilərin böyük marağına səbəb olmuşdur. Novruz bayramı personajları – Keçəl, Kosa, Bahar qızının məzəli əhvalatları və xüsusən Oğuz elinin ağsaqqalı Dədə Qorqudun müdrik kəlamları qonaqlara əsl qədim bayram əhval-ruhiyyəsi bəxş etdi. Eyni zamanda Qala kəndi 87 saylı orta məktəbin şagirdlərindən ibarət rəqs qrupunun, gənc ifaçıların bir-birindən gözəl musiqili çıxışları həm yerli, həm də xarici qonaqların alqışları ilə qarşılandı.
   Tədbirdə əhalinin Qala Atçılıq Mərkəzi ilə tanışlığına şərait yaradılmış, kiçik heyvanxana qonaqlara təqdim edilmiş, xınayaxdı mərasimi keçirilmiş, zorxana, güləşçilərin çıxışları, meyxana ustalarının nömrələri təqdim olunmuş, uşaqlar üçün “face art” xidməti və fləşmob təşkil edilmişdir.
   Xəzər rayonu İcra Hakimiyyətinin başçısı Elşən Salahov da bayram tədbirini ziyarət etmiş, sənətkarlıq məhəlləsini gəzmiş, Qala kəndi əhalisini və qonaqları bayram münasibəti ilə təbrik etmişdir.
Qeyd edək ki, məhz festival münasibətilə qonaqlara xüsusi endirimli Novruz bayramı biletləri təklif edilmiş və bu, ziyarətçilərin ürəyincə olmuşdur. Həmçinin əhalinin Qala Qoruğuna rahat gediş-gəlişini təmin etmək məqsədilə ödənişsiz nəqliyyat xidməti təmin edilmişdir.

Xəbərlər Qalereyası