Son zamanlar bir sıra şəxslər və kütləvi informasiya vasitələri tərəfindən təkrar olaraq sosial şəbəkələrdə “İçərişəhər” DTMQİ ərazisində - Kiçik Qala küçəsində Qala divarlarına guya zərər yetirən tikinti işlərinin aparılması barəsində yayılmış məlumatlara aid olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aşağıdakıları ötən ilin noyabr ayında məlumat verdiyi kimi bir daha geniş ictimaiyyətin nəzərinə çatdırmağı vacib hesab edir:

Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri olaraq hər zaman qalacaqdır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir. İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir.

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca həyata keçirilməsinə icazə verilən konstruksiya işlərinə uzun illər həmin ərazidə yerləşən və abidələrə heç bir zərər yetirməyən kafe və restoranların terraslarının genişləndirilməsi daxildir. Bu konstruksiya işləri qətiyyən tikinti mahiyyəti kəsb etməyərək, sadəcə şüşə və yüngül metal materialdan ibarət sadə təmir işlərindən ibarətdir.

Bu üslubda təmir-bərpa işləri Qala divarlarına heç bir zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarının dayanıqlığına və görünüşünə xələl gətirmir. İstənilən miqyasda konstruksiya işləri həm daxili, həm zahiri baxımdan İçərişəhərin ənənəvi memarlıq üslubuna uyğunlaşdırılır və yalnız İdarə tərəfindən təsdiqləndikdən sonra həyata keçirilə bilər.

İdarə “İçərişəhər” DTMQİ ərazisində Vətənimizin mədəni irsinin qorunması və inkişafına göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirir.

Xəbərlər