İçərişəhər heç şübhəsiz ki, nə qədər qədim olsa da həmişəcavan məkandır. Bura hər yeni gəlişinizdə əvvəl kəşf etmədiyiniz xüsusiyyətləri aşkar edə bilərsiniz. Odur ki, bu qədim məkanın hər küçəsində xoş anlarını fotoşəklə köçürdən insanlara rast gəlmək mümkündür.

Belə füsunkar məkanların olması daim yaradıcı insanları ruhlandırır və İçəriçəhərin daha çox tanıdılmasına təkan verir. Odur ki, Qoruq İdarəsi beynəlxalq təcrübədən və zamanın tələbindən geri qalmayaraq İçərişəhərin yeniliklərinin sosial şəbəkələrdə əks olunması üçün tanınmış bloqerləri buraya dəvət edir. Bu yenilik “İçərişəhərdə bloqerin bir günü” rubrikası adlanır.

Bu silsilədən olan şəxslər arasında 18 yanvar 2019-cu il tarixində qonağımız Aysel Ağayeva-Mirzəyeva oldu. “Instagram” sosial şəbəkəsində @asolia adlı səhifənin müəllifi olan xanım İçərişəhərə məxsusi olaraq füsunkar “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisini ziyarət etmək üçün təşrif buyurmuşdu. Aysel xanımı sərginin dəyərli eksponatları ilə tanış edən İçərişəhər Muzey Mərkəzinin direktoru Əminə Məlikova orta əsrlərdə yaradılan nadir sənət nümunələri – dəbilqələr, zirehli geyimlər, çıraqlar, zinət əşyaları və s. kimi eksponatlar ilə bloqeri tanış edərək, ətraflı məlumat verdi.

Sərgidən, nümayiş edilən incəsənət işığından zövq alan Aysel xanım hər kəsə 23 yanvar tarixinədək açıq olacaq sərgini ziyarət etməyi tövsiyə edir.

Xəbərlər