İçərişəhərdə 15 dekabr tarixindən etibarən start götürən yeni il festivalı - “Qış Qalası” 6 yanvar 2019-cu ilə qədər davam edəcəkdir. “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi şəhərimizin sakinlərini və qonaqlarını Qoşa Qala meydanına dəvət edir. Müxtəlif növ suvenir, əl işləri və digər bayram atributlarının satışı üçün nəzərdə tutulan “Qış Qalası” çadırları artıq qurulmuşdur və onlar öz ziyarətçilərini qarşılamağa hazırdırlar. Siz 15 dekabr - 6 yanvar tarixləri ərzində İçərişəhəri ziyarət edərək yeni il festivalı münasibətilə təşkil edilən konsert proqramından zövq ala və bir sıra viktorinalarda iştirak edə bilərsiniz. Konsert proqramını dinlədiyiniz zaman isti içkilər içərək isinəcək, ləzzətli şirniyyatlardan və həmçinin fərqli firmaların məhsulu olan qlintveynlərdən dada biləcəksiniz. Qədim şəhər özünəməxsus sakit abu-havasını qorumaqla yanaşı bayram günlərində məhz sizin gəlişinizlə canlanacaqdır.
Azərbaycan milli musiqisi və müasir estrada ifaçılarının nəğmələri sizi Qoşa Qala meydanında quraşdırılmış səhnədən şən izdihama qoşulmağa dəvət edəcək. Əgər siz Bakının qədim koloritini duymaq və yeni ili ailəniz, dostlarınız ilə yaddaqalan anlarla qeyd etmək istəyirsinizsə səmimilik, sevgi ilə dolu qədim şəhərin müxtəlif küçələrində quraşdırılmış çilçıraqlar, bayram dekorasiyası fotoşəkil üçün ən münasib məkan ola bilər. Ənənəvi yarmarkamız isə sizə növbənöv zərif sənətkarlıq məhsularını təqdim edir.
İçərişəhəri ziyarət edərək “Qış Qalası”nın hərarətini bizimlə birlikdə hiss edin!