14 dekabr 2018-ci il tarixində Bakı Ekspo Mərkəzində Azərbaycan və SSRİ-nin xalq artisti, Dövlət Mükafatı Laureatı, dünya şöhrətli rəssam Tahir Salahovun 90 illik yubileyinə həsr olunmuş sərgi açılmışdır. Sərgini ziyarət edən Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci Vitse-Prezident Mehriban Əliyeva rəssamın bənzərsiz əl işləri ilə yaxından tanış olmuşlar. 

Ulu öndər Heydər Əliyevin dünya şöhrətli rəssam Tahir Salahovun yaradıcılığına daim yüksək diqqətlə yanaşdığını deyən mədəniyyət naziri Əbülfəs Qarayev Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın yubilyara təbrik məktubları ünvanladıqlarını, dövlətimizin başçısının Xalq rəssamı Tahir Salahovu şəxsən qəbul edərək onu 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif etdiyini xatırladıb. O, Tahir Salahovun Azərbaycanın ali mükafatları ilə yanaşı, beynəlxalq səviyyədə layiq görüldüyü mükafatları da qeyd edib. Artıq bir neçə gündür ki, sərginin açılışına hazırlıq işlərinin getdiyini bildirən nazir görkəmli rəssamın ömür-gün yoluna nəzər salıb. Bildirib ki, onun həyatı və yaradıcılığı olduqca maraqlı və zəngin hadisələrlə doludur.

Tədbirdə Tahir Salahovun keçdiyi həyat yoluna və zəngin yaradıcılığına nəzər salınıb.

Tədbirdə çıxış edən "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin Sədri Əsgər Ələkbərov T.Salahov yaradıcılığının bəşəri əhəmiyyətindən söz açmış, İçərişəhərdə yerləşən T.Salahovun Ev Muzeyinin dəyərli incəsənət ocağı olduğunu vurğulamışdır. Bildirib ki, paytaxtımıza gələn xarici qonaqlar, məktəblilər, gənclər dünya şöhrətli rəssamın ev-muzeyini böyük maraqla ziyarət edirlər.

Sonra Azərbaycanın və SSRİ-nin Xalq rəssamı, Sosialist Əməyi Qəhrəmanı, Dövlət mükafatları laureatı, dünya şöhrətli rəssam Tahir Salahov çıxış edib. Bildirib ki, 90 illik yubileyi münasibətilə onu ilk təbrik edən Prezident İlham Əliyev olub. Dövlətimizin başçısına və birinci xanıma ona göstərilən diqqətə, yaradıcılığına verilən yüksək qiymətə görə minnətdarlığını bildirən Tahir Salahov ulu öndər Heydər Əliyevin də həmişə ona qayğı ilə yanaşdığını vurğulayıb. “Tale bizi bu gün bu zala toplayıb”, - söyləyən görkəmli fırça ustası sərginin keçirildiyi məkanın Bakı Ekspo Mərkəzi seçilməsinin təsadüfi olmadığını bildirib. O deyib: “Bu məkan Bakının qədim, tarixi və müasir abidələrinə, tikililərinə yaxın yerləşir. Xoşbəxtəm ki, bu gün sizinlə birlikdəyəm”.

Xəbərlər Qalereyası

Xəbərlər