İçərişəhərin tarixinə səyahətimiz demək olar ki, başa çatmaq üzrədir. Biz səyahətimizi elə başladığımız yerdə də Qız Qalasında başa vuracağıq.

Heç şübhəsiz, orta əsrlərdə qala ümumi şəhərin müdafiə divarının bir hissəsi idi. Bəs o zaman qalanın ilkin təyinatı nə olub?

Nəzəriyyələrdən birinə görə qala hələ zərdüştlükdən və xristianlıqdan çox illər öncə erkən türk günəş və atəş məbədi olub. Azərbaycanın qədim sakinləri günəşi Səma atəşi, yerdən çıxan neft və qazdan alovlanan odu isə Torpaq atəşi hesab edirdilər. Daha sonralar isə bizim eranın başlanğıcına yaxın qala atəşpərəstlərin məbədinə çevrilmişdir.

Amma başqa bir fərziyyəyə görə  burada qədim rəsədxana olub. Bu nəzəriyyənin əsasını qalanın xüsusi bucaqlar altında yerləşən pəncərələrinin Sirius və Antares ulduzlarına yönəlməsi təşkil edir. Pəncərələr dekabrın 22-də gün dönümünü müşahidə etməyə imkan verir. Qədim inanclara görə həmin gün günəş “ölür”.

Bu baxımdan hazırda daha çox hər iki nəzəriyyəni özündə birləşdirən başqa bir elmi yanaşmaya üstünlük verilir: Qala günəş və oda etiqad məbədi olub və səmanı müşahidə etmək və günəşin “öldüyü gün” onun yerdə reinkarnasiyası - “dirilməsi” məqsədilə tikilmiş bir ehramdır. Məhz buna görə də heç təsadüfi deyil ki, qüllənin qədim mənbələrdə də rast gəlinən tamamilə başqa bir adı da var: Hunzar. Bu qədim Azərbaycan etimologiyasından yanaşmada – Gün Azər anlamını verir. Ehtimal olunur ki, bu elə Misir panteonuna görə ən məşhur allah – Aser və ya Osiris ilə də əlaqəlidir. Məhz buna görə də eramızdan əvvəlki III minilliyə aid edilən Qədim Misir mifologiyalarında dəfələrlə təkrarlanan “Bakhu” sözünün də təsadüfi olmadığı qənaətinə gəlinir.

Daha sonra qalanın təyinatının bir neçə dəfə dəyişdiyi iddia olunur. Onun daxili konstruksiyası artıq boş deyildi və ehtimal ki, ölkə ərazisində müxtəlif yerlərdə tikilmiş digər qalalarla birgə ümumi müdafiə sisteminin ayrılmaz bir hissəsini təşkil edirdi. Bu qalalar arasında təhlükə və ya hücum siqnalları gündüzlər tüstü, gecələr isə alov vasitəsilə həyata keçirilirmiş. Bəzi tədqiqatçılar bu nəzəriyyəni inkişaf etdirərək qalanın mayak kimi istifadə edildiyi fərziyyəsini də irəli sürürlər. Amma bütün bunlar sonrakı dövrlərdə baş verdiyindən onun ilkin təyinatı kimi xarakterizə olunmur.

Hazırda Qalanın tarixinin əsl həqiqətini dəqiq söyləmək çox çətindir, amma inanın ki, pilləkənlərlə lap yuxarı, qalanın başına çıxsaz, sizi orda bütün İçərişəhərə və Bakı buxtasına açılan gözəl bir mənzərə gözləyir.

Qalanın üstdən planına baxsaq, müxtəlif rakurslardan “6” və ya “9” rəqəmi formasında olduğunu görərik. O, eyni zamanda qədim milli Azərbaycan simvolu olan “buta”nı xatırladır.  

Azərbaycana bir neçə dəfə səfər etmiş məşhur Norveç tədqiqatçısı və eksperimental arxeoloqu Tur Heyerdal daşlar üzərində qədim insan və gəmi təsvirlərinin ümumi üslubunda hədsiz oxşarlıq səbəbindən Skandinaviya və Azərbaycan arasında tarixi qədim əlaqənin olduğu fikrini irəli sürmüşdür. Onun nəzəriyyəsinə görə, Xəzər dənizinin qərb sahili qədim insan sivilizasiyasının beşiyidir. İstənilən halda, İçərişəhər, gizli Köhnə Bakı uzun illər ərzində tarixçilərin, arxeoloqların və digər alimlərin diqqətini cəlb edəcək müəmmalarla dolu olaraq qalır.

Ümid edirik ki, Sizin İçərişəhərdə gəzintiniz ürəyinizcə oldu.    

Sonda bizə yalnız dahi rus şairi Sergey Yeseninin “Əlvida, Bakı” şerinə Azərbaycanın dünyaca məşhur bəstəkarı və müğənnisi Müslüm Maqomayevin bəstələdiyi və özünün də 2007-ci ildə ifa etdiyi gözəl bir musiqi parçası ilə Sizinlə xudahafizləşmək qalır:

Əlvida, ey Bakı! Ayrılaq gərək.

Kədər var, qorxu var qəlbimdə indi.

Əlimin altında ağrıyır ürək,

Dostu qoyub getmək yaman çətindi.

Lakin o zaman Yesenin cəmi 2 aydan sonra Bakıya yenidən dönür. Ümid edirik ki, siz də İçərişəhərə nəvaxtsa yenidən dönəcəksiz.

mp3 yüklə

Xəbərlər