Burada, İçərişəhərdə, hər bir daşın öz tarixi var. Amma, çox zaman olduğu kimi, burda da faktlar əfsanələrə qarışır. Orta əsrlər İçərişəhərinin tarixi barədə yekdil fikir yoxdur, mütəmadi olaraq yeni faktlar aşkar edilir.
Təxminən 30 metr hündürlüyündə olan Qız Qalası İşərişəhərin cənub-şərq hissəsində yerləşir və qədim Bakının ən məşhur abidəsidir. Amma ona eyni dərəcədə “sirlər qalası” da demək olar. UNESCO-nun Dünya Mədəni İrsi kimi elan olunmuş bu abidənin adı ilə bağlı bir çox əfsanələr var.
Bu əfsanələrin birində qalanın adı o zamankı hökmdarın gözəl qızı ilə bağlıdır. Rəvayətə görə yadelli bir xanın qoşunu qalanı mühasirəyə alır. Qəsbkarın şərti ağır olur, - “əgər qızını mənə versən, qoşunlarımı geri çəkəcəyəm”. Bu, atanı ciddi seçim qarşısında qoyur: övlad və ya vətən sevgisi. Gecə-gündüz düşünüb-daşınan hökmdar qızından vətəni naminə bu şərti qəbul etməyi xahiş edir. Qız bir şərtlə razılaşır: ona xalq ilə vidalaşmaq üçün toy günü qalanın başında öz sevimli rəqsini etməyə icazə verilsin. Toy günü gəlib çatır və gözəl şahzadə rəqs edərkən ölümü məcburi nigahdan üstün tutaraq özünü qaladan atır. Onun qəhrəmanlığından heyrətlənən yadelli xan belə güclü azadlıq ruhu olan xalqın iradəsini ram edə bilməyəcəyini görüb qoşunlarını geri çəkir. Buna görə də bu qala “Qız Qalası” adlanır.
Onun adının digər, daha məntiqli izahı müharibələr zamanı qalanın alınmaz olmasından irəli gəlir. Divarlarının qalınlığı 4-5 metrə çatan qalanın hər biri günbəz şəkilli 8 mərtəbəsində ümumilikdə 200 nəfərədək adam sığına bilərdi. Qalanın divarları arasında dərinliyi təxminən 21 metr olan su quyusu var. Mərtəbələr bir-biri ilə dövrələmə pilləkənlə əlaqələnir. Amma bu, ikinci mərtəbəyə aid deyil. Birinci və ikinci mərtəbələr arasında bilavasitə əlaqə olmayıb ikinci mərtəbəyə yalnız nərdivan yaxud kəndir vasitəsilə qalxmaq olardı.
Tikilinin dənizə baxan mahmız-şəkilli qanadı ona xüsusi görkəm verir. Bu çıxıntının hansı məqsədlə inşa olunması hələ də məlum deyil. O zamanlar qalaya qədər çatan Xəzər dənizinin dalğalarının və güclü küləyin qarşısının alınması üçün tikildiyi fikri qənaətbəxş hesab edilmir.
Hətta qalanın yaşı barədə də aydınlıq yoxdur. Binanın tikiliş tərzi onu nə fars, nə də ümumən islam memarlıq üslubuna şamil etməyə imkan vermir. O, daha çox erkən türk memarlıq ənənələrini xatırladır. Bəzi dəlillər qalanın eramızdan əvvəl VIII əsrdə tikilməsinə işarə etsə də qalanın inşa tarixinin daha da qədim olması ehtimal olunur.
Qala fasadının yuxarı hissəsi daşların hörgü düzülüşünə görə aşağıdan fərqli olaraq zolaqlı görkəmə malikdir.
Qalaya girişin yuxarısında sağ tərəfdə ərəb əlifbası ilə yazılmış kitabədə Məsud ibn Davudun adı qeyd olunub. Uzun müddət bu daş kitabədəki yazıya əsasən qalanın inşa tarixi səhvən 12-ci əsrə aid edilib. Amma sübut olunub ki, bu yazı bina tikildiyi zaman ona məxsus olmamış, sadəcə sonrakı dövrlərdə aparılmış bərpa işləri zamanı ora əlavə olunmuşdşur.
Siz bu əsrarəngiz binanın sirləri və böyük əhəmiyyəti barədə İçərişəhərə səyahətimizin sonunda 19-cu treki dinləməklə daha ətraflı məlumat ala bilərsiniz.