İyunun 20-də “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində “Ümumdünya irsinin konservasiyası: İçərişəhər və Lahor Qala şəhəri” adlı beynəlxalq seminar keçirilmişdir.
Seminar mədəni irs və tarixi-memarlıq abidələrinin bərpasında elmi-tədqiqatın, təhlillərin, orta əsr qala-şəhərlərində abidələrin bərpası sahəsində təcrübə mübadiləsinin, mədəni irsin qorunması və bərpa-konservasiyası üzrə ənənəvi üsul və yeni texnologiyaların tətbiqinin İçərişəhər və Lahor Qala şəhərinin nümunələrində beynəlxalq miqyasda müzakirə edilməsi, gələcək işlərin həyata keçirilməsində daha müasir həll metodlarının öyrənilməsi məqsədi ilə təşkil olunmuşdur.
Tədbirdə “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə, Lahor Qala şəhər Administrasiyasının rəhbəri Kamran Laşari, Azərbaycan Memarlar İttifaqının İdarə Heyətinin sədri Elbəy Qasımzadə giriş nitqləri ilə çıxış ediblər.
Daha sonra Azərbaycan Milli Elmlər Akademiyasi Memarliq və Incəsənət Institutunun şöbə müdiri, fəlsəfə doktoru, dosent Rahibə Əliyeva, “Atelier Erich Pummer GmbH” şirkətinin rəhbəri Erich Pummer, Lahor Qala şəhərində Konservasiya üzrə direktoru Mr. Najmus Saquibin və “İçərişəhər” Elmi- istehsalat bərpa emalatxanasinin memari Tamilla Mustafazadə təqdimatla çıxış edərək təcrübələri ilə bölüşüblər.
Seminarda həmçinin Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərən Azərbərpa Elmi-tədqiqat layihə İnstitutunun, Azərbaycan Respublikasının Dövlət Turizm Agentliyinin, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin, Azərbaycan Memarlıq və İnşaat Universitetinin nümayəndələri iştirak etmişdir.
Qeyd edək ki, seminar Pakistan Respublikasının Lahor Qala şəhəri Administrasiyasının rəhbəri Kamran Laşarinin rəhbərlik etdiyi nümayəndə heyətinin 18-22 iyun tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Lahor Qala şəhər Administrasiyası arasında imzalanmış “Dostluq və əməkdaşlıq Protokolu” çərçivəsində Azərbaycan Respublikası və Pakistan İslam Respublikası arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünə həsr edilmiş Azərbaycana rəsmi səfəri çərçivəsində baş tutmuşdur.