Arxeoloji Park - İçəri Şəhər ərazisində açıq səma altında olan təbii irsin maksimum qorunması və inkişafı üçün arxeoloji qazıntı yerləri muzeyləşdirilmişdir. 2011-ci ildə konservasiya işləri tamamlanaraq“Arxeoloji Park”adlı istirahət guşəsi qonaqların istifadəsinə verilmişdir. Qədim şəhərin ziyarətçiləri körpü və keçidlər vasitəsi ilə X-XIII əsrlərə aid olan, konservasiya olunmuş qədim tikili yerlərini rahatlıqla müşahidə edə bilirlər.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan” a əsasən həyata keçirir.
17 - 21 oktyabr 2010-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “İçəri Şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirmişdir. Seminarda yerli mütəxəssislərlə yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzinin ABŞ, Finlandiya, Niderland ,İtaliya, İspaniya, B.Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər də iştirak etmişlər.
Bundan əlavə Qoruq İdarəsi bərpa və konservasiya işləri sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlığının nəticəsi olaraq “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı çərçivəsində, "İnşaat qurğularının təhlili" mövzusunda 4 silsilə seminar keçirmişdir. Seminarlarda yerli bərpaçılar müasir bərpa metodlarından və texnologiyalarından istifadə təcrübəsi toplamışdılar.
Qeyd edək ki, bu gün tarixi memarlıq abidələrinin özünə məxsusluğunu və uzun ömürlüyünü təmin etmək üçün müasir bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınmaqla ərazinin ansanblında önəmli yer tutan, bir cox abidənin hissə və ya qalıqları üzərində elmi araşdırmalar aparılır. Elmi araşdırmaların nəticəsi olaraq, bərpaçı hipotez ( şəxsi qənaətləri ifadə edən fikirlər) və analoqdan (oxşar fikirlər) istifadə edərək düzgün müəyyənetmə nəticəsində sübut olunan hissələri bərpa olunaraq obyektin ilkin görkəmini əldə edir. Bərpanın əsas məqsədi qədim tikilinin yenidən canlandırılması və abidənin özəlliyini açıb göstərməkdir. Bu özəlliyi şəhərmizin qonaqlarına və yerli əhaliyə müasir üsullarla təqdim edən ən effektiv vasitə abidələrin muzeyləşdirilməsidir. İçərişəhərdə abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir. Bu da tarixi şəhərin keçmişini dinləndirən və dövrünün tarixindən danışan əsas vasitəçidir.
Burada dünya əhəmiyyətli abidələr muzeyləşdirilərək bir mənalı olaraq abidəyə həsr olunur (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi). ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək funksiyasına uyğun müstəqil obyektə çevrilir (karvansaralar, məscidlər və hamamlar). yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə aparılaraq, müxtəlif növ ekspozisiya kompleksləri cəmləşdirilir (xüsusəndə XIX - XX əsrin yaşayış binalarında). İçərişəhərin abidələri və muzeyləri xalqa xidmət etməklə yanaşı əhalinin ictimai şüurunun formalaşmasında, həmçinin tarixi gerçəkliklərin öyrənilməsində böyük rol oynayır.
Qapılarını ziyarətçilərin üzünə açan İçərişəhər - abidələr muzeyi kimi inkişaf edir.