"Qız Qalası" bədii filmi

Bədii filmlərin ölkələrin tarix və mədəniyyətini tanıtmaq baxımdan əhəmiyyətli rolunu, onların geniş tamaşaçı kütləsinə xitab etməsini nəzərə alan “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Azərbaycanın  incisi olan İçərişəhəri və qədim tarixi məkan olan Qala kəndini tam metrajlı bədii film vasitəsi ilə təbliğ etmək qərarına gəlmişdir. Bununla bağlı olaraq 2018-ci ilin yay aylarından etibarən “Kintamani” şirkəti ilə əməkdaşlıq çərçivəsində ölkəmizin məşhur və istedadlı aktyor heyətinin iştirakı ilə “Qız Qalası” bədii filminin çəkilişlərinə start verilmişdir. Rollarda Elməddin Cəfərov, Kəmalə Piriyeva, Çinarə Məlikzadə, Ziya Ağa, Tural Əzizov və həmçinin İran İslam Respublikasının aktyoru Reza Naji çəkilmişlər.

Çəkiliş meydançası olaraq İçərişəhərin abidələr və küçələri və Qala Dövlət Tarix-Etnoqrafiya Qoruğunun ərazisi diqqət mərkəzində olmuşdur. Filmin məhz Qız Qalası adlanmasının səbəbi isə sözsüz ki, bu tarixi abidənin sadəcə paytaxtımızın deyil, ölkəmizin simvolu olmaqla bərabər dünya səviyyəsində tanınması, eyni zamanda bu abidənin adının tarix boyu qəhrəmanlıq və sevgi dastanları ilə birgə çəkilməsidir.

Filmin ssenarisi isə həm qəhrəmanlıq, həm sevgi, eyni zamanda qədim dövrlə müasirliyin çalarlarını özündə ehtiva edir. Beləki, filmdə cərəyan edən hadisələrin mərkəzində bir-birini sevən, lakin qovuşa bilməyən iki gənc – Tuncay və Aytəkinin sonsuz məhəbbəti durur. Onların hicranına səbəb isə Aytəkinin şah qızı, Tuncayın sadə bir həkkak olmasıdır. Bu məsələ ilə paralel olan digər bir olay Tuncayın bir şamanı özünə şagird götürməsidir. Məhz hadisələr də bundan sonra baş verir. Tuncay möcüzə nəticəsində min il sonraya – müasir Bakıya varid olur və gedişat nəticəsində sevdiyi qızı da, onun atasını da tapmağa müvəffəq olur. Bəs bu 1000 il ərzində Bakıda nələr dəyişilib? Qəhrəmanımız ona tamamilə yad olan şəraitdə, zamanın burulğanında sevdiyi xanıma qovuşa biləcəkmi?

Əziz, kinosevərlər bütün bu sualların cavabını tapmaq üçün sizi 7 mart tarixindən etibarən kinoteatrlara dəvət edirik! Gəlin və qəhrəmanlarımız ilə birlikdə siz də zamana səyahət edin!

Qeyd edək ki, ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənəsinin daha geniş tamaşaçı kütləsinə tanıdılması məqsədilə filmin xarici ölkələrdə də təbliği nəzərdə tutulur.

 

 

 

 

 

 

 

                                          

 

 

 

 

 

 

 

Xəbərlər