Heç kimin şübhəsi yoxdur ki, kitab insanın daxili aləminə yol tapan, onu xəyallarda səyahət etdirən əvəzsiz bir mənbədir. Əsrlərdir yaradıcı insanların ilham mənbəyi olan İçərişəhər isə öz növbəsində neçə-neçə ziyalını qoynunda böyütmüşdür.
Bu qədim şəhərin tarix qoxan abu-havası kitabsevərlər üçün əvəzolunmaz bir məkandır. Odur ki, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi də şəhərimizin sakinlərini və qonaqlarını düşünərək onların mənəvi istirahətini təmin etmək üçün açıq səma altında “kiçik kitabxana” təşkil etmişdir.
Bu faydalı ideyanın tarixçəsi ötən əsrin 90-cı illərinə təsadüf edir. Fotorəssamların ideyasını inkişaf etdirən Almaniyanın Darmştadt şəhərindən olan tələbə ilk “açıq kitabxana” nın müəllifidir.
Açıq kitabxananın iş prinsipi isə çox sadə və mükəmməldir. 24 saat ərzində heç bir mühafizəçi olmadan açıq havada sizi gözləyən kitab şkafından maneəsiz istədiyiniz kitabı müvəqqəti və ya həmişəlik götürə bilərsiniz. Əvəzində isə sadəcə olaraq bir kitab qoymalısınız.
Hələ 2013-cü ildə Almaniyanın bütün şəhərlərində açıq kitabxanaları müşahidə edən gənclərimiz bu fərqli ideyanı doğma Bakımızda da görmək istəmişdilər. Bu fikrə dəstək olan yaradıcı gənclər düşünür ki, layihədə məqsəd təkcə mütaliəyə qarşı sevgi oyatmaq və ya elektron kitabla mübarizə aparmaq deyil. Başlıca deviz belə səslənir: “Bir şəxsə lazım olmayan kitab digərinə gərəkli ola bilər: Kitabı şkafa qoy, bunun əvəzini isə sən öz bəxtində axtarıb, tapacaqsan”.
Layihəni Azərbaycan Gənclər Fondu, ASN təşkilatı və Dünya İqtisadi Forumu Qlobal Gənclər Assosiasiyasının Bakı Nümayəndəliyi həyata keçirib. Artıq 4 ildir ki, açıq kitabxana Bakı sakinlərini sevindirməyə davam edir.
Siz bizim kitabxanadan xüsusən İçərişəhərin poetik görkəminə uyğun lirik məzmunlu kitablar tapa bilərsiniz. Tarixi məkanın abu-havası ilə bürünən bu kiçik parkda skamyalar, xoş mənzərə, sakit, səssiz mühit kitab oxumaq üçün ideal məkanı sizə təqdim edir. Siz burada özünüz kimi kitabsevərlərlə tanış olaraq ədəbi fikirlərinizi bölüşə bilərsiniz. Əgər köhnə kitabların vurğunusunuzsa bizim açıq kitabxana tam sizə uyğundur.
Kitab şkafları İçərişəhərin mərkəzi hissəsində, Arxeoloji parkda, Ə.Əzimzadənin büstündən bir neçə addım aralıda öz oxuyucularını gözləyir. Kitab şkaflarının ayrılmaz hissəsinə çevrildiyi Arxeoloji park isə İçərişəhərin görməli məkanlarından birini təşkil edir. Kiçikdən böyüyə qədim şəhərin bütün sakinləri bu mini-kitabxananı hər gün ziyarət edir.