“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Elmi-texniki şurasının yaradılması

Azərbaycan Respublikası Prezidentinin 2007-ci il 16 may tarixli 574 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 23-cü bəndi ilə Qoruq sahəsində elmi-texniki nailiyyətlərin və qabaqcıl təcrübənin öyrənilməsi və həyata keçirilməsi üçün İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şurasının yaradılması nəzərdə tutulmuşdur.

İçərişəhərin sosial-iqtisadi və mədəni inkişafında elmi potensialdan istifadə olunması, Qoruq ərazisində həyata keçiriləcək müvafiq inkişaf proqramlarının, bədii-tərtibat, bərpa-inşaat, rekonstruksiya, regenerasiya və konservasiya layihələrinin elmi ekspertizasında tanınmış alimlərin və yüksək ixtisaslı mütəxəssislərin iştirakının təmin edilməsi məqsədilə və Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Əsasnaməsinin 14.5-ci və 23-cü bəndlərini rəhbər tutaraq:

1. İdarədə ictimai əsaslarla fəaliyyət göstərən Elmi-texniki şura və onun nəzdində memarlıq layihələri üzrə Ekspert qrupu yaradılsın.

2. Elmi-texniki şura və Ekspert qrupu haqqında əsasnamələr təsdiq edilsin.

3. Aparatın rəhbəri E.Primova və Strateji inkişaf və tənzimləmə şöbəsinin müdiri S.Nuriyevə tapşırılsın ki, Elmi-texniki şuranın və Ekspert qrupunun tərkibi barədə təkliflərini 3 gün müddətində İdarənin rəhbərliyinə təqdim etsinlər.

4. Sərəncamın icrasına nəzarəti öz üzərimdə saxlayıram.

Rəis
Mikayıl Cabbarov

Xəbərlər