12 aprel tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə Marionet Teatrında “Biz varıq” adlı səhnələşdirilmiş inklüziv tamaşa keçirilib. “Be Kind” layihəsi çərçivəsində qoyulan tamaşada sağlamlıq imkanları məhdud olan və olmayan uşaqların iştirakı ilə səhnəciklər və “Dance Ability” komandasının çıxışları izləyicilərə təqdim olunub.
Tamaşa gecəsi “İçərişəhər” DTMQ İdarəsinin nəzdində fəaliyyət göstərən Marionet Teatrın bədii rəhbəri Tərlan Qorçunun sözləri ilə başladı. Açılışda “İçərişəhər” DTMQ İdarəsinin İdarə Heyətinin sədri Şahin Seyidzadə çıxış edərək inklüziv layihələrin vacibliyini vurğulayıb. Yekunda “Be Kind”-ın təsisçisi Şirin Rzayeva tədbirin təşkilində göstərilən dəstəyə görə iştirakçılara təşəkkürünü bildirdi. İnklüziya üzrə mütəxəssis Zarina Məmmədova xüsusi təhsilin mahiyyəti və onun əhəmiyyəti haqqında danışaraq çıxışı bağlayıb.
“Be Kind” xüsusi qayğıya ehtiyacı olan uşaqlara dəstək göstərmək və onların cəmiyyətdə inteqrasiyasına imkan yaratmaq üçün hazırlanan bir layihədir.
BMT İnkişaf Proqramının Azərbaycandakı məsul əməkdaşı Suxrob Xocimatov tədbirdə qonaq qismində edərək, Proqramın bu kimi layihələrin keçirilməsində dəstək olduğunu nümayış etdirib.
Qeyd edək ki, “İçərişəhər” DTMQ İdarəsi xüsusi qayğıya ehtiyacı olan uşaqları daim diqqət mərkəzində saxlayır və bu məqsədlə müxtəlif tədbir və layihələr həyata keçirir.