23 fevral 2022-ci il tarixində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondu ilə birgə “Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında bu il 30 illiyi qeyd edilən qətliam anmılmışdır. “Söz” ədəbi layihəsinin rəhbəri, tanınmış şairə Nigar Həsənzadə tərəfindən təqdim edilən xatirə axşamında II Qarabağ müharibəsi veteranları, işğal edilmiş Azərbaycan torpaqlarının azad edilməsində medallara təltif edilən gənc istedadlı şairlər Cavid Əli, Nicat Ağayev, Həsən Kür və Kərəm Aydın Xocalıya həsr etdikləri şerlərini ifa etmişdilər.
Xatirə axşamında həmçinin Xocalı faciəsinin şahidləri Əsəd Fərəcov, Valeh Hüseynov və Dürdanə Ağayevanın qətliam gecəsi yaşadıqları, daha sonra əsir düşərək erməni vəhşiliyinin qurbanlarına çevrildikləri, günahsız mülki əhaliyə qarşı işğalçının insanlığa sığmayan qəddarlığı barədə çətin və ağrılı xatirələri dinlənilmişdir. Xatirə axşamı iştirakçılarına video müraciətlərini beynəlxalq təhliçilər- ABŞ-ın Delaver Universitetinin Qlobal Araşdırmalar Mərkəzinin eksperti Aleksandr Selimov, İsraildən Xocal faciəsinə həsr olunmuş “Ağrı” romanının müəllifi, siyasi təhlilçisi Arye Qut, Fransadan “Xocalı 613” simfonik poemasının müallifi Pier Tiloy göndərərək dünya ictimaiyyətini “Xocalıya Ədalət” kampaniyasına qoşularaq bu qətliamı tanımağa çağırmışdılar. Axşamının bədii hissəsində Böyük Britaniyadan Avropa Mədəniyyəti Parlamentinin üzvü skrikpa ifaçısı Səbinə Rakçeyeva və Respublika İncəsənət Gimnaziyasının muğam triosu Xocalı faciəsinin qurbanlarına musiqili ithafla çıxış etmişdilər. Əməkdar artist Gülzar Qurbanova isə Rəsul Rzanın “Mən, istəyirəm” şerini ifa etməklə Azərbaycan xalqının ağrılı tarixinə baxmayaraq sülhpərvər və humanist dəyərlər üzərində kökləndiyini xatırlatmışdır.
Axşamın sonunda “Ədibin Evi” Ədəbiyyata Dəstək Fondunun təsisçisi Ədibə Paşayeva II Qarabağ müharibəsi veteranlarına “Ədibin Evi” və “İçərişəhər” adından xatirə hədiyyələri təqdim etmişdir.
“Söz yaddaşındakı Xocalı” adlı xatirə axşamında Müdafiə Nazirliyi, Mədəniyyət Nazirliyi, Təhsil Nazirliyi, YAŞAT Fondu və digər təşkilatlardan nümayəndələr iştirak etmişdilər.