Məlum olduğu kimi, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin əsas məqsədlərindən biri nəzdində olan Qoruq ərazilərinin idarə olunmasını təmin etməklə yanaşı tarix və mədəniyyət abidələrinin, o cümlədən onların tarixi görünüşünün qorumasından ibarətdir.
Sözsüz ki, nadir tarixi və mədəni incilərimizi qorumaq tək dövlət orqanlarının deyil, həmçinin hər bir vətəndaşın borcudur və hər birimiz bu istiqamətdə mümkün qədər səy göstərməliyik.
Ölkə rəhbərliyinin daimi diqqəti və qayğısı altında İdarənin əməkdaşları abidələrin qorunmasına can atır, əməli səylər göstərir. Geniş ictimaiyyət və mətbuat nümayəndələri ilə birgə keçirilən layihələr və iməciliklər hər zaman geniş marağa səbəb olub, görülən işlər sosial şəbəkələrdə və KİV-lərdə işıqlandırılıb. Əfsuslar olsun ki, görülən işlərə rəğmən İçərişəhərin qədim Qala divarları bayram günlərində növbəti dəfə bir qrup vandalların hücumuna məruz qalıb.
Təəssüfləndirici haldır ki, tarixi özündə yaşadan Qala divarları bu dəfə yetkinlik yaşına çatmayanların qurbanı olub. Hadisə ilə bağlı əlaqədar İdarənin müvafiq qurumları tərəfindən hüquq-mühafizə orqanlarına dərhal məlumat verilmiş və bu çirkin əmələ yol vermiş üç yeniyetmə saxlanılmış, onlara qarşı qanunvericiliklə nəzərdə tutulmuş sanksiyalar tətbiq edilmişdir.
İdarə bir daha hamının nəzərinə çatdırır ki, tariximizin qəsdinə duran vandallar bundan sonra da saxlanılıb dərhal hüquq-mühafizə orqanlarına təhvil veriləcək, əməllərinə cinayət tərkibi olan əməl kimi hüquqi qiymət veriləcəkdir. Bununla yanaşı bütün valideynləri və yeniyetmələrin qəyyumlarını övladlarına diqqət yetirməyə çağırır, abidələrimizə xələl gətirilməsinin yolverilməz olduğunu vurğulayırıq.
Tarixi abidələrimizə dəyər verək, onları sevək, qoruyaq və gələcək nəsillərə çatdıraq!

Xəbərlər Qalereyası

Xəbərlər