"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Litva Respublikasının Azərbaycandakı Səfirliyinin təşkilatçılığı ilə "Litva tatarları" adlı fotosərginin açılış mərasimi keçirilib. Litva tatarlarının tarixinə həsr olunan sərgidə həm müasir, həm də tarixi əsərlər təqdim edilib. Ziyarətçilər burada XX əsrin birinci yarısında yaşayan tatarların Litva cəmiyyətinin müxtəlif sahələrində - din, təhsil, hərb, dəmir yolu və məhkəmə sistemlərinə verdiyi töhfələrlə, eləcə də tatar icmasının həyatının əsas istiqamətləri ilə tanış ola bilərsiniz. Sərgilənən müasir fotoşəkillər isə, əsasən, hazırda fəaliyyət göstərən məscidlərin indiki görünüşlərini və tatar icmasının həyatını əks etdirir.

Qeyd edək ki, 2021-ci il Litva Parlamenti tərəfindən "Litva Tatarlarının Tarixi və Mədəniyyət İli" elan olunub. XIV əsrdən etibarən tatarlar İslama əsaslanan unikal və özünəməxsus tarixi mədəniyyətlərini qoruyaraq, yerli dilləri doğma kimi qəbul edərək, Litvada məskunlaşmağa başlayıblar. Hazırda Litvada 2500-ə yaxın Litva tatarı yaşayır.
Bakı Fotoqrafiya Evində təşkil olunan sərginin açılış mərasimində Litva Respublikasının ölkəmizdəki səfiri Eqidius Navikas və "İçərişəhər" Muzey Mərkəzinin direktoru Əminə Məlikova iştirak edib.

Xəbərlər Qalereyası

Xəbərlər