Bu gün Bakı Fotoqrafiya Evində İordaniya dövlətinin yaradılmasının 100 illiyi münasibətilə İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı Səfirliyi, Amman Şəhər İcra Hakimiyyəti və "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin birgə təşkilatçılığı ilə “Amman, 100 illik yürüş” adlı foto sərginin açılış mərasimi keçirilib.

Sərginin açılışında İordaniya Haşimilər Krallığının ölkəmizdəki səfiri Sami Asem Ğoşeh iştirak etmişdir. Eyni zamanda İordaniyanın paytaxtı Amman şəhərinin meri Yusif Şavarbenin sərginin açılışı münasibətilə çıxış etdiyi videoçarx da tədbirdə qonaqlara təqdim olunub.

Qeyd edək ki, 7 iyul 2021-ci il tarixinədək davam edəcək sərgidə siyasi, tarixi və mədəni əhəmiyyətə sahib olan Amman şəhərinin yüz ildən bəri tarixi inkişafını təsvir edən 40 ədəd fotoşəkillə tanış olmaq mümkündür. Burada həmçinin şəhərin memarlıq üslubunu əks etdirən bir çox fərqli memarlıq və tarixi abidələrin əks olunduğu fotoşəkillər də ziyarətçilərə təqdim edilir. Sərgi İordaniya Krallığının tarixinə həsr olunmuş müxtəlif sənədli filmlər və ölkənin milli musiqisi ilə müşayiət olunur.

Diqqət! Sərgi mövcud karantin rejimi qaydalarına uyğun formada təşkil olunub.

Xəbərlər Qalereyası

Xəbərlər