Son iki gün ərzində bir sıra kütləvi informasiya vasitələrində və sosial şəbəkələrdə “İçərişəhər” DTMQ ərazisində Qala divarlarına aid tikintinin aparılması barəsində yayılmış məlumat və fotoşəkillərə aid olaraq Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi aşağıdakıları ictimaiyyətin nəzərinə çatdırır:
Dünya, ölkə və yerli əhəmiyyətli abidələrin qorunub saxlanılması, bu məqsədlə onlarda vaxtaşırı bərpa və konservasiya işlərinin aparılması İdarənin əsas prioritetləri kimi hər zaman olduğu kimi qalmaqdadır. Son illər ərzində Qız qalası, Şirvanşahlar Sarayı Kompleksi, Məhəmməd məscidi, Dördbucaqlı qala, Bəylər məscidi, Qala divarları və s. kimi dünya və ölkə əhəmiyyətli tarixi-memarlıq abidələrində uğurla tamamlanmış çoxsaylı bərpa və konservasiya işləri bunun bariz nümunəsidir.


İdarənin hər il yenilənən bərpa və konservasiya proqramına əsasən Qoruq ərazisində mövcud olan tarix və mədəniyyət abidələrinin qorunması, memarlıq-estetik görünüşünün və uzunömürlülüyünün təmin edilməsi üçün daimi olaraq müvafiq tədbirlər həyata keçirir.
Cari ildə də İçərişəhər ərazisində olan digər abidələrdə bərpa və konservasiya işlərinin həyata keçirilməsi davam etdirilir. Hal-hazırda İçərişəhərin ölkə əhəmiyyətli abidəsi olan Qoşa Qala qapısının portalı üzərində, eləcə də Qala divarlarının sağ və sol istiqamətlərində bərpa-gücləndirmə işləri aparılmaqdadır.
Bununla yanaşı, sözügedən ərazidə və Qala divarlarına heç bir zərər yetirmədən Qoruq ərazisində yerləşən abidələr, muzeylər və digər obyektlər barədə çoxsaylı ziyarətçilərlə turistlərə daha da keyfiyyətli və geniş çeşiddə xidmətlərin göstərilməsi (muzey biletlərinin, xəritələrin, turların, suvenirlərin, çap məhsullarının və s. satışı) və qonaqlara məlumatların verilməsi məqsədilə geniş Turist Məlumat Mərkəzinin yaradılması nəzərdə tutulub.