Artıq 1 ildən çoxdur ki, Bakının müstəqil incəsənət platforması Ta(r)dino 6, İçərişəhərdə Kiçik Qala 58 ünvanında yerləşən binanın fasadında çağdaş incəsənət nümunələri nümayiş etdirir. “Divarda incəsənət” layihəsinin 3-cü buraxılışı rəssam Nəzrin Məmmədovanın komissiyaya alınmış “Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik” adlı triptixidir. Rəsm əsəri Azərbaycanın yerli və nəsli kəsilməkdə olan bitkilərinə və çiçək zənginliyinə həsr edilmişdir.

Layihə mövcud ekoloji böhrandan çıxış yolu kimi perma mədəniyyəti araşdıran daha geniş bədii tədqiqatın ilk mərhələsidir. Perma mədəniyyət insanlarla təbiət arasında iqtisadi və sosial münasibətlərin köklü transformasiyasıdır və o, landşaft və insanların harmonik inteqrasiyasını təklif edir. Nəzrin hesab edir ki, hər bir şüurlu insan Yer kürəsinin bərpası üçün fərdi məsuliyyət hissini inkişaf etdirməlidir.

“Nəsli kəsilməkdə olan yerli biomüxtəliflik” həmçinin kollajda əks olunmuş bitkilər haqda məlumat toplanmış veb səhifəyə malikdir. Bu məlumatı əsərin üzərindəki QR və https://tardino6.art/ səhifəsi vasitəsilə əldə etmək olar.

Qeyd edək ki, layihənin ərsəyə gəlməsində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfdaş qismində çıxış etmişdir, Böyük Britaniyanın Azərbaycandakı Səfirliyi və Azərbaycan-Böyük Britaniya Məzunları Asossasiyası (AUKAA) isə ideyanı dəstəkləmişdir.
20 May 2021-ci il tarixində Birləşmiş Krallığın Dövlət Katibinin Parlament nümayəndəsi və ixracat naziri Qraham Styuart, Britaniyanın Azərbaycandakı səfiri Ceyms Şarp və Britaniya Konsulluğunun Azərbaycan üzrə direktoru Summer Xia “Divarda incəsənət” layihəsini ziyarət ediblər.

Əsər iyun ayının sonunadək nümayiş etdiriləcəkdir.

Xəbərlər Qalereyası

Xəbərlər