Beynəlxalq Muzeylər Şurasının (ICOM) təşəbbüsü ilə 1977-ci ildə təsis olunmuş 18 may Beynəlxalq Muzeylər günü muzey işçilərinin peşə bayramı kimi qeyd olunur. Məhz bu gün  muzey əməkdaşları bir-biri ilə daha da yaxınlaşır, ictimaiyyətin diqqəti muzey problemlərinə yönəlir, bayram günləri muzeylər öz qapılarını ziyarətçilərin üzünə açır və insanlara pulsuz xidmət göstərirlər. Beynəlxalq Muzeylər Günündə iştirak etmək beynəlxalq muzey icması arasında daha çox müxtəliflik və mədəniyyətlərarası dialoqa kömək edir.

       Beynəlxalq Muzeylər Günü dünyada hər il müəyyən deviz altında qeyd olunur. Bu il isə 18 may  “Muzeylərin gələcəyi: dirçəliş və yeni baxış” mövzusuna həsr olunub.

       Bu münasibətlə “İçərişəhər” Muzey Mərkəzi ICOM Azərbaycan Milli Komitəsi tərəfindən irəli sürülmüş silsilə tədbirlər planına qoşularaq maraqlı tədbirlə çıxış edəcəkdir. Ölkəmizdə məlum pandemiya vəziyyəti ilə bağlı elan olunmuş  karantin dövründə “İçərişəhər” Muzey Mərkəzi Bakının simvolu, əfsanəvi Qız Qalası tarixi memarlıq abidəsini «World Heritage 3D Scanning»  proqramı vasitəsilə virtual şəkildə ictimaiyyətə  təqdim edəcəkdir. Bu təqdimat zamanı tamaşaçılar və muzey sevərlər evdə oturduqları halda Qız Qalasının 360o- li virtual turunu İMM əməkdaşı Fəridə  Məmmədovanın müşayiəti ilə  iki dildə (azərbaycan və  ingilis) izləyə biləcəklər.

       "World Heritage 3D Scanning" proqramı vasitəsilə İçərişəhərin mədəni və tarixi irsinin skan edilməsi layihəsi "İçərişəhər" Muzey Mərkəzinin təşəbbüsü və Almaniyanın "EKМ Global Consulting GmbH" şirkətinin rəhbəri Elşən Musayev və "3D Scanning Project" startap Səbinə Zülalovanın birgə əməkdaşlığı ilə həyata keçirilmişdir.

       18 may Beynəlxalq Muzeylər Günü bütün dünyada olduğu kimi İçərişəhərdəki muzeylər də “Açıq qapı günü” elan edir. 

Xəbərlər Qalereyası

Xəbərlər