Bir çox tarixi binalar təbii daş, mərmər, qranit, kərpic kimi materiallardan hazırlanmış ikonik hörgülərə sahibdir. Bütün bunlar tikililərə özünəməxsus xarakter və tarixi əhəmiyyət verən unikal detallardır. Bu tipli tikililər üzərinə çəkilən qrafitilərin silinməsi ciddi əmək tələb etməklə yanaşı, həm də tikililərin xarici səthlərinin gözəlliyini zədələyən və estetik problemlər yaradan faktorlar olması da şübhəsizdir.

"Küçə vandalizmi" dedikdə sprey boyalarla binaların xarici səthlərinə icazəsiz olaraq qrafitilərin çəkilməsi başa düşülür. Bəzən sprey boyaların əvəzinə silinməsi çətin olan digər boya növləri və ya qalıcı markerlər də istifadə olunur. Bu tip qrafitilər tikililərə estetik baxımdan zərər verməklə yanaşı,​ onların silinməsi olduqca zəhmətli və xərc tələb edən prosedurdur. Belə ki, bu tip qrafitilər bir neçə dəqiqə ərzində çəkilə bilsə də, onların silinməsi saatlarla və hətta günlərlə çəkə bilər. Hətta tarixi abidələrin əksəriyyətində istifadə olunan məsaməli təbii daş və ya kərpic üzərində olan qrafitilərin silinməsi boya bu məsamələrə dərin nüfuz etdiyindən bəzən demək olar ki, mümkünsüz olur. Bu prosesdə yüksək təzyiqli mayenin püskürdülməsi və ya çoxkomponentli kimyəvi həlledicilər də faydasız qala bilir.

"Küçə vandalizmi"nin növlərindən biri də xüsusi olaraq mühafizə olunan və xüsusi tarixi əhəmiyyətə malik abidələrin üzərinə qrafitilərin çəkilməsidir. Dünyanın hər yerində bu tipli "küçə vandalizmi"nin nümunələrinə rast gəlmək mümkündür.

Təəssüflər olsun ki, Bakımızın tarixi və mədəniyyət beşiyi sayılan İçərişəhərdə də bu tipli qrafitilərlə qarşılaşmaq mümkündür. "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi YUNESKO-nun "Dünya İrs Siyahısı"na salınmış İçərişəhərdə "küçə vandalizmi"nin qarşısının alınması və İçərişəhərdəki tikililər üzərinə çəkilən qrafitilərin silinməsi istiqamətində ciddi iş aparır. Öz qədimliyi və unikallığı ilə dünyanın hər yerindən yüz minlərlə turisti özünə çəkən, yerli, ölkə və dünya əhəmiyyətli tarixi-memarlıq abidələrinin yerləşdiyi İçərişəhəri qorumaq hər birimizin borcudur. Bu baxımdan hər bir vətəndaşımızdan Bakımızın incisi İçərişəhərin tarixi unikallığının qorunmasında və "küçə vandalizmi"nə qarşı mübarizədə bizə dəstək olmasını xahiş edirik. Gəlin sahib olduğumuz bu tarixi gözəlliyi birlikdə qoruyaq və gələcək nəsillərə ötürək.

Xəbərlər Qalereyası

Xəbərlər