19 yanvar 2021-ci il tarixində "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində "20 Yanvardan başlanan Zəfər yolu" adlı onlayn konfrans keçirilib.

20 Yanvar faciəsinin 31-ci ildönümünə həsr olunmuş konfrans Azərbaycan Respublikasının Dövlət himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra 20 Yanvar hadisələrinə həsr olunmuş qısametrajlı sənədli film nümayiş olunub.

“İçərişəhər” DTMQİ-nin tabeliyində olan Elmi-Mədəni Mərkəzin Elm şöbəsinin müdiri filologiya üzrə fəlsəfə doktoru İradə Musayevanın moderatorluğu ilə keçirilən tədbirdə "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin sədri Əsgər Ələkbərov, İdarənin əməkdaşları, tarix üzrə fəlsəfə doktoru, dosent Firdovsiyyə Əhmədova, BDU-nun Mənbəşünaslıq, tarixşünaslıq və metodika kafedrasının müdiri Anar İsgəndərov, tarix üzrə elmlər doktoru, professor Solmaz Tohidi, AMEA-nın A.A.Bakıxanov adına Tarix İnstitutunun “Azərbaycanın müasir ‎tarixi” şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru‎ İlqar Niftəliyev iştirak ediblər.

Çıxışçılar 20 Yanvar hadisələrinin Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri olmaqla yanaşı, həm də şərəfli səhifəsi olduğunu bildiriblər. Azərbaycan xalqı XX əsrdə ikinci dəfə müstəqilliyini əldə etmə tarixini məhz 20 Yanvar hadisələrində həlak olan qəhrəman övladlarına borcludur. Onların vətən sevgisi, dönməz əqidəsi yurdumuzun başı üzərini alan qara buludları dağıtmış, çoxsaylı itkiyə, kədərə rəğmən xalq öz mətanətini itirməmişdir. Bu gün paytaxtımızın ən hündür guşəsində salınan Şəhidlər Xiyabanı gələcək nəsillər üçün rəşadət, igidlik simvoludur.

Qeyd edilib ki, 20 Yanvar faciəsinin 31-ci ilində Azərbaycan xalqı, hər bir vətəndaşımız torpaqlarının azadlığı və bütövlüyü uğrunda şəhid olan oğul və qızlarının ziyarətinə alnıaçıq gedir. Çünki Azərbaycan 20 Yanvar şəhidlərinin əsas istəyi və arzusu olan öz ərazi bütövlüyünü bərpa edib, düşmən üzərində möhtəşəm qələbə qazanıb.

Tədbir bədii hissə ilə sona çatıb. Bədii hissədə məktəblilərin təqdimatında şeirlərdən ibarət videoçarx nümayiş olunub.

"İçərişəhər" Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər