2020-ci il mədəni tədbirlər üçün çox da zəngin il olmadı, onların bir çoxu dayandırılmalı, təxirə salınmalı və ya onlayn təşkil edilməli oldu. "Art on the Wall" (Divarda İncəsənət) layihəsi isə əksinə, rəqəmsal layihə olaraq gündəmə gəldi və hazırda İçərişəhərdə Kiçik Qala 58 ünvanındakı binanın fasadında pankart kimi sərgilənməyə başlayıb.

28 dekabr 2020-ci il tarixindən 2021-ci il fevralın ortalarına qədər olan müddətdə əsərləri nümayiş olunan ilk sənətkar Orxan Hüseynovdur.
Orxan Hüseynov Bakı təməlli multimedia sənətkarıdır. Azərbaycanın şifahi və tətbiqi sənət ənənələrinə və tarixinə maraq və heyranlıq Hüseynovun çoxşaxəli sənət təcrübəsinin əsasını təşkil edir. O həm Azərbaycanda, həm də xaricdə - Bakıda Heydər Əliyev Mərkəzində; Vyanada İncəsənət Tarixi Muzeyində (Kunsthistorisches); Romada MAXXXI muzeyində; Berlində Me Collectors Room sərgi salonunda; Phillips de Pury qalereyasında; 2015-ci ildə 55-ci Venesiya Biennalesi Kollateral Tədbirində Love Me, Love Me Not sərgisində, 2017-ci ildə Shelley & Donald Rubin Vəqfində qrup şoularında və 2003-cü ildə Amsterdamda Tropenmuseum muzeyində, 2013-cü ildə Bakıda Kiçik QalArt qalereyasında və 2017-ci ildə YARAT Müasir İncəsənət Məkanında geniş solo sərgilər nümayiş etdirmişdir. "Sevgimiz elə bu qədərmiş" İçərişəhərdə çəkilən məşhur klassik Azərbaycan kinosuna ehtiram nümunəsidir. Yerli konteksti cəmiyyətin ən kritik mövzusu - COVID-19 ilə əlaqələndirən Orxan Hüseynov, həqiqi, şıltaq və intellektual mahiyyəti etibarilə vizual dildən ustalıqla istifadə edir və sevilən filmlərin adlarına ikinci məna gətirir. Hazırki dövrdə, Əsmər və Oqtay İçərişəhərin dar küçələrini maska taxmadan dolaşa bilməzdilər.

"O olmasın, bu olsun" isə Gülnazın bu gün hansı maskanı taxması kimi qəliz seçimi barəsində danışır. Bizim kimi, film qəhrəmanları da pandemiyanın gətirdiyi "yeni normanı" qəbul edir və ona uyğunlaşırlar. Maskalar virusdan qoruyucu tədbir və sevdiyinə qayğı göstəricisi kimi ən vacib aksessuara çevrilib.

Müasir incəsənəti kütləviləşdirən və onu daha geniş auditoriyaya çatdırmağa can atan layihə olaraq planlaşdırılan "Art on the Wall” layihəsi həm də "Ta(r)dino 6" İncəsənət Platformasının sərgi proqramı üçün alternativ vasitəyə çevrilib. İçərişəhərdə daimi incəsənət məkanını 2021-ci ilin yazına qədər aça bilməyən platforma üçün, bu ictimai incəsənət layihəsi onun gələcək auditoriyasına özünü tanıtmağın, onunla dialoq qurmağın və bakılılara daha yaxın olmağın bir yolu kimi görülə bilər.

"Divarda İncəsənət" həmçinin sənətkarların əməyini və istedadını dəstəkləmək üçün göstərilən təşəbbüsdür: layihə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ilə tərəfdaş qismində təşkil olunub və Almaniyanın Azərbaycandakı səfirliyi tərəfindən maliyyələşdirilir.

"Divarda İncəsənət" Azərbaycan müasir incəsənət nümayəndələrinə komissiya haqqı verilməsi ilə onların yeni əsərlərinin təqdimatına davam edəcəkdir. Layihənin gələcək nəşrləri bakılılara yeni adlar təqdim edəcəkdir, əvvəllər heç vaxt Azərbaycanda sərgiləməyən sənətçilər və ya pandemiya səbəbindən sərgiləri dayandırılmış olanlar bu layihədə iştirak edəcəklər.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər