"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən həyata keçirilən "İstedArt" mədəni-xeyriyyə layihəsi çərçivəsində 24 dekabr tarixində "Yeni il" şənliyi təşkil olunub. Qoruq İdarəsi nəzdində fəaliyyət göstərən Bakı Marionet Teatrında düzənlənən tədbirdə musiqili və əyləncəli şou-proqram təşkil olunub, uşaqların əl işlərindən ibarət sərgi açılıb. Proqramın sonunda uşaqlara müxtəlif yeni il hədiyyələri təqdim edilib.

Xatırladaq ki, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşkil etdiyi "IstedArt" layihəsində müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromlu uşaqlar üçün sənət dərsləri keçirilir. 2018-ci ildə start verilmiş bu layihənin hazırda 4-cü mövsümü davam edir.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihədə uşaqlar "İçərişəhər" DTMQİ hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə dərs alırlar. Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardım etməkdən ibarətdir.

"İçərişəhər" DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər