Noyabrın 28-də "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin ərazisində yerləşən Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində "İstedArt" inklüziv layihəsinin iştirakçıları ilə görüş keçirilib. Görüşdə MDB ölkələrinin aparıcı muzeylərinin, ali təhsil müəssisələrinin və özəl sektorun, QHT və xeyriyyə fondlarının nümayəndələri iştirak ediblər.

Qonaqlara "İstedArt" inklüziv layihəsi barədə məlumat verilib. Bildirilib ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromundan əziyyət çəkən uşaqlar iştirak edirlər. Uşaqlar “İçərişəhər” DTMQİ hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə dərs alırlar.

Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı əqli zəifliyi olan uşaqları incəsənət növləri ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardımdan ibarətdir. Sonra qonaqlar "İstedArt" layihəsinin iştirakçılarının əl işləri ilə tanış olublar.

Qeyd edək ki, noyabrın 25-dən 28-dək MDB-nin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə və Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə Milli İncəsənət Muzeyində “Sərhədsiz incəsənət” adlı beynəlxalq seminar keçirilib. Seminarın mövzusu mədəniyyət müəssisələrinin fiziki və əqli cəhətdən qüsurlu insanlar daxil olmaqla, bütün ziyarətçilər üçün əlverişliliyinin təmin edilməsinə yönəlib.

Seminarda MDB ölkələrinin aparıcı muzeyləri, ali təhsil müəssisələrinin və özəl sektorun, QHT və xeyriyyə fondlarının, əlil icmalarının və başqa təşkilatların nümayəndələri iştirak edib. 

"İçərişəhər" DTMQİ Mətbuat xidmətinin məlumatı

Xəbərlər Qalereyası