"İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən təşkil olunan “İstedArt” layihəsinin 4-cü mövsümü üzrə dərslər davam edir.

Layihədə müxtəlif internat məktəbləri, sağlamlıq imkanları məhdud və daun sindromundan əziyyət çəkən uşaqlar iştirak edir.

Bu layihə istedadlı uşaqların bacarıqlarını, yaradıcılıq potensialını inkişaf etdirməyə xidmət edir. Rəssamlardan ibarət müəllim heyəti uşaqlara öz biliklərini aşılayır. Hazırda balacalar “Yeni il” və müxtəlif qış kompozisiyalarını əks etdirən fotolar üzərində çalışırlar.

Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan layihənin növbəti açılış mərasimi 17 oktyabr 2019-cu il tarixində "Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzi"ndə baş tutub.

Uşaqlar "İçərişəhər" DTMQİ hesabına rəssamlıq, heykəltəraşlıq, keramika və qrafika sənəti üzrə 9 ay ərzində dərs alacaqlar. Layihənin təşkilində məqsəd nəsildən-nəslə ötürülən sənət növlərinin qorunub saxlanması ilə yanaşı, əqli zəifliyi olan uşaqları incəsənət növlərimiz ilə tanış etmək, onları ruhlandırmaq, gələcək həyat yolunda peşə seçimində yardım etməkdən ibarətdir.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər