Noyabr ayının 20-dən 25-dək Bakıda “Alüminium” VI Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi keçirilir. Biennalenin təşkilatçıları "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və Azərbaycan Rəssamlar İttifaqıdır.

Bu dəfəki biennale Azərbaycan Respublikasının Mədəniyyət Konsepsiyasına uyğun olaraq, ölkəmizdə müasir incəsənətin inkişafının təbliği və rəssamların yaradıcılığının dəstəklənməsi məqsədilə təşkil olunur.

Biennale çərçivəsində 2017-ci ildə UNESKO-nun patronajlığı ilə keçirilmiş Birinci Antarktida Biennalesi haqda filmin təqdimatı təşkil olunacaq, “Müasir incəsənət bu gün, nailiyyətlər, problemlər və perspektivlər” mövzusunda konfrans keçiriləcək.

20 noyabr saat 11:00-da “Alüminium” VI bakı Beynəlxalq Müasir İncəsənət Biennalesi çərçivəsində Şirvanşahlar Sarayında ilk sərgi baş tutub. Sərgidə rəngkarlıq, qrafika, heykəltəraşlıq, installyasiya, video-art, fotoəsərlər, habelə Azərbaycan, Almaniya və Gürcüstan rəssamlarının performansları nümayiş olunub. Silsilənin davamı olaraq Muzey Mərkəzi, V.Səmədova adına Sərgi Salonu, İçərişəhərdəki Müasir İncəsənət Mərkəzi, “Qalereya 1969” və “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunda da sərgilər keçirilməsi planlaşdırılır.

Qeyd edək ki, 2003-cü ildən etibarən ənənəvi olaraq Bakıda keçirilən “Alüminium” Bakı Beynəlxalq Müasir İncəsənət Biennalesində dünyanın onlarla ölkəsindən olan rəssamlar, sənətşünaslar, kuratorlar iştirak ediblər.

Növbəti biennaledə xarici ölkələrdən 40-dan çox rəssam və 30-dək Azərbaycan rəssamının iştirakı gözlənilir.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər