Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə Görüşündə iştirak etmək üçün ölkəmizdə səfərdə olan Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Danq Thi Nqok Thinh və nümayəndə heyəti 24.10.2019-cü il tarixində İçərişəhəri ziyarət edib. Qonağı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin rəhbəri Əsgər Ələkbərov qarşılayıb. Səmimi qarşılanmadan sonra Bakının simvolu sayılan Qız qalası və Şirvanşahlar Sarayına ekskursiya təşkil olunub, İçərişəhər, tarixi abidələr haqqında ətraflı məlumat verilib.

Azərbaycan Respublikasının 2011-ci ildən üzv olduğu Qoşulmama Hərəkatı beynəlxalq münasibətlərin tənzimlənməsində mühüm rolu olan çoxtərəfli platformadır. 120 dövlətin bir araya gəldiyi Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasından sonra dünya dövlətlərinin təmsil olunduğu ən böyük siyasi təsisatdır.

Əsas məqsədi beynəlxalq hüququn norma və prinsipləri əsasında dünyada sülhün, təhlükəsizliyin qorunmasına və tərəqqiyə töhfə vermək olan Qoşulmama Hərəkatı qlobal problemlərin həlli və müasir dövrün çağırışlarına cavab vermək baxımından bu gün xüsusi əhəmiyyət kəsb edir.
Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Bakı Zirvə Görüşü “Bandunq Prinsiplərini rəhbər tutmaqla müasir dünyanın çağırışlarına birgə və adekvat cavab verilməsini təmin etmək” mövzusunda 2019-cu il 25-26 oktyabr tarixlərində keçirilir.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası