“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi 1 aprel 2019-cu il tarixdə 31 mart azərbaycanlıların soyqırımı gününə həsr olunmuş elmi-praktik konfrans və Qoruq İdarəsi tərəfindən hazırlanmış “31 Mart – tariximizin faciəli səhifəsi” adlı kitabın təqdimatını təşkil etmişdir. Tərtib olunmuş proqrama əsasən konfransda ölkənin tanınmış tarixçi və tədqiqatçılarıdan Solmaz Tovhidi, Anar İsgəndərov, Qulu Məhərrəmli və digərləri məruzələr ilə çıxış etdilər.
1918-ci il mart ayının 30-dan başlayaraq Bakıda erməni-bolşevik qüvvələri tərəfindən türk-müsəlman əhalisinə qarşı yönəlmiş qırğınlar aprelin 2-nə kimi davam etmiş, öz kütləvi xarakterinə, miqyasına və amansızlığına görə “milli faciə” kimi qiymətləndirilərək Azərbaycan tarixinə “1918-ci il Mart hadisələri” adı ilə daxil olmuşdur. 1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran, Muğan, Naxçıvan kimi geniş bir coğrafiyanı əhatə edən erməni ekspansiyası nəticəsində on minlərlə azərbaycanlı qətlə yetirilmiş, xalqın onilliklər boyu qazandığı maddi və mənəvi sərvətlər dağıdılıb talan edilmiş, böyük qaçqınlar və didərginlər ordusu meydana çıxmışdı.
1918-ci ilin mayında təşəkkül tapan Azərbaycan Cümhuriyyəti 1918-ci il iyulun 15-də Azərbaycan xalqına qarşı ermənilər tərəfindən işlənmiş soyqırımı cinayətinin həqiqi miqyasını və çoxsaylı qurbanlarmı aşkara çıxarmaq məqsədi ilə Fövqəladə İstintaq Komissiyası yaratmışdır. Lakin 1920-ci ilin aprelində hakimiyyəti qəsb edən bolşeviklər bu tarixi faciəni ört-basdır edərək süni beynəlmiləlçilik ideologiyasını ortaya ataraq, xalqımızın yaddaşından həmin qanlı cinayəti silməyə çalışmışdır.
18 yanvar 2018-ci il tarixdə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən “1918-ci il azərbaycanlıların soyqırımının 100 illiyi haqqında” Sərəncam imzalanmışdır. Tariximizin ciddi təhrifə uğramış bu səhifələrini yenidən, həqiqət meyarları ilə işıqlandırmaq baxımından respublikamızda hazırda ciddi işlər gedir.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi olaraq “31 mart-tariximizin faciəli səhifəsi” adlı kitab məhz bu zərurətdən ərsəyə gətirilmişdir.
Ümumilikdə isə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi ölkənin ictimai həyatında mühüm hesab edilən tədbirlərə daim diqqət yetirir. O cümlədən, 31 mart soyqırımı ilə bağlı olaraq hər il konfranslar, seminarlar keçirilir, ictimaiyyətə məlumatlar çatdırılır. Qeyd edək ki, Qoruq İdarəsi öncəki illərdə də soyqırım hadisələri ilə bağlı müxtəlif nəşrlərə imza atmışdır.