Təqvim

Hər birimizə bəllidir ki, artıq uzun illərdir xalqımızın ən qədim və ən təntənəli bayramı olan Novruz mərasimləri öz başlanğıcını məhz İçərişəhərdən götürür. Bütün ölkə ərazisində tarix və mədəniyyətin cövhəri olan İçərişəhər dövlət səviyyəsində Novruz bayramı tədbirlərinin keçirildiyi mərkəzdir və əlbəttə ki, istər xalqımız, istərsə də xarici qonaqlar tərəfindən bayram günlərində ən çox ziyarət edilən məkandır.

Odur ki, bütün bu məqamları nəzər alan və elimizin adət-ənənəsinə, onun mənəvi istirahətinin yüksək səviyyədə təmin edilməsinə diqqət ayıran “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi hər il ənənəvi olaraq “Bahar Qalası” adlı festival təşkil edir. Musiqi, yarmarka, müxtəlif əyləncəli oyunların birləşdiyi bu tədbirdə 2019-cu ildə İçərişəhərsevərləri sürpriz bir qonaq gözləyir!

Xanımlar və cənablar, son 3 ildə Türkiyə estradasının parlaq ulduzu olaraq tanınan Aleyna Tilki məhz sizin hüzurunuza təşrif buyuracaq!

Bu gənc xanımın uğurları qısa müddətdə ictimaiyyətin diqqətinə səbəb olmuşdur. 2000-ci ildə Türkiyənin Konya şəhərində dünyaya gələn Aleyna Tilkinin tamaşaçılar ilə ilk görüşü “Yetenek sizsiniz Türkiye” adlı müsabiqədə baş tutdu.

Böyük səhnəyə gedən yolda ilk əsaslı addımı isə 2016-cı ildə reytinqlərdə zirvəni fəth edən “Cevapsız Çınlama” adlı mahnı ilə bağlıdır. İl ərzində “Youtube” videopaylaşma sistemində 300 milyondan artıq insan tərəfindən izlənilən sözügedən mahnının klipi gənc ifaçıya böyük şöhrət qazandırdı.

Bunun ardınca 2017-ci ildə müğənni ilk solo mahnısı olan “Sen olsan bari”yi tamaşaçılara təqdim etdi və “Music Top TR” siyahısında ilin ən çox dinlənilən hiti olaraq 1-ci yerə yüksəldi.

Ötən il ənənəvi olaraq təşkil edilən musiqi və televiziya sahəsində uğur qazanan insanları mükafatlandıran "Altın Kelebek Ödülləri" məhz onu ilin ən müvəffəqiyyətli müğənnisi nominasiya üzrə təltif etdi. 

Əziz gənclər, Aleyna Tilki yalnız 1 gün – 23 mart tarixində, saat 17:00-da Qoşa Qala meydanında sizin görüşünüzə gələcək! Açıq hava altında ödənişsiz konsert proqramı ilə çıxış edəcək müğənni ən çox sevilən mahnılarını sizin üçün səsləndirəcək.

Tələsin, bayram tətilinizin ən həyəcanlı gününü İçərişəhərdə keçirin!

 

 

Xəbərlər