22.02.2019-cu il tarixində Şirvanşahlar Sarayı Kompleksində indiyə qədər ölkəmizdə bənzəri olmayan sərgi açılmışdır - İnkvizisiya - orta əsr işgəncə alətləri. "İçərişəhər" DTMQİ-nin təşəbbüsü və təşkilatçılığı və İtaliya Respublikası, Rusiya Federasiyasının təşkilati dəstəyi ilə ərsəyə gələn bu sərgidə orta əsrlərin Avropa ölkələrində kilsə məhkəməsinin insanlara tətbiq etdiyi cəza prosedurunun alətləri və qurğuları nümayiş edilir. “İçərişəhər” kimi tarixi məkanda, həm də orta əsr sarayında belə bir ekspozisiyanın sərgilənməsi ziyarətçilərə eyni mövzunun Şərqdə və Qərbdə necə gerçəkləşdirilməsinə dair düşünmə və müqayisə etmə imkanı verir . Ekspozisiyada qurbanlara fiziki əzab vermək, onları etiraf etməyə məcbur etmək üçün 70-ə yaxın qurğu nümayiş edilir. Bu, 500 ilə yaxın mövcud olmuş orta əsr inkvizisiyası dövründə çox geniş yayılmış bir təcrübə olmuşdur.
Sərginin məzmunu kifayət qədər dramatikdir və orta əsrlərin sərt həqiqətlərinin təfərrüatı ilə zəngindir. Ziyarətçilərə təqdim edilən ekspozisiyanın əsas məramı düşünməyə məcbur etməkdir. Axı buradakı hər bir eksponat tam mənası ilə yalnız vahimə və qəzəb deyil, həm də mərhəmət və şəfqət hissi doğurur.
Sərgi 2019-cu il avqust ayının 18-nə qədər davam edəcəkdir. İş rejimi hər gün saat 1000-dan 1800-dəkdir.