Təqvim

Artıq 1992-ci ildə baş vermiş Xocalı faciəsindən 27 il ötür. Bəşər tarixində misli görünməmiş vandalizm nümunəsi olan o gün Azərbaycan xalqının tarixindəki ən dərin yaralardan biridir. Ölkəmizin ictimai həyatında baş verən hadisələrə daim xüsusi həssaslıqla yanaşan "İçərişəhər" DTMQİ 25 fevral tarixində "Xocalı - bəşəri cinayət" mövzusunda seminar keçirmişdir. İki hissədən ibarət olan tədbirin 1-ci hissəsində Qoruq İdarəsinin kollektivi ilə yanaşı Azərbaycanda Vətəndaş Cəmiyyətinin inkişafına Yardım Assosiasiyasının "1905.az" portalının əməkdaşları, Bakı Atatürk liseyinin müəllim və şagird heyəti iştirak etmiş, dəyirmi masa arxasında Xocalı faciəsi ilə bağlı müzakirələr aparılmışdır. İlk öncə tədbir iştirakıçıları Qarabağ müharibəsinin dəhşətini və erməni əsirliyində saxlanılan azərbaycanlıların bütün işgəncələrə baxmayaraq şücaətindən bəhs edən film izlədilər. Natiqlər çıxışları zamanı faciədə həlak olmuş insanların taleyindən bəhs etmiş, Azərbaycan xalqının bir əsrdə yaşadığı üç soyqırım aktını xatırlatmış və "1905.az" portalının əməyi nəticəsində ərsəyə gələn kitablar təqdim edilmişdir. Tədbirin ikinci hissəsində isə "Günay" uşaq teatrının ifasında "Qarabağdır Azərbaycan" adlı səhnəcik təqdim olunmuşdur. İstedadlı uşaqlar faciənin mənəvi iztirabını bütün həssaslığı ilə tamaşaçıya çatdırmışdır. Tədbirin keçirilməsində məqsəd yaşlı nəsil ilə gənc nəsil arasında körpü yaratmaq, təbliğatı gücləndirmək və gələcək nəsillərə şahidi olmasalar belə soyqırımın mahiyyətini çatdırmaqdır.
XOCALI, biz səni unutmadıq, unutdurmarıq!

Xəbərlər