Təqvim

"İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi Sizi uzun müddətdir ki, gözlənilən Bakı Fotoqrafiya Evinin ilk sərgisini izləməyə dəvət edir. Sərgi 15 fevral tarixindən etibarən ictimaiyyət üçün açıq olacaqdır.

13 fevral tarixində isə sərginin rəsmi açılış mərasimi baş tutdu. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla Əliyeva, dövlət və hökumət rəsmiləri, incəsənət ustaları və diplomatik korpusların nümayəndələrinin iştirak etdiyi tədbirdə sərgiyə baxış keçirildi. "İçərişəhər" DTMQİ-nin İdarə Heyətinin Sədri Əsgər Ələkbərov Bakı Fotoqrafiya Evinin ərsəyə gəlməsini İçərişəhərdə aparılan çoxsaylı mədəni layihələrin məntiqi davamı kimi qiymətləndirərək buranın foto sənətini sevənlər üçün əvəzedilməz məkan, mərkəz olacağına olan ümidlərini ifadə etdi.

Qeyd edək ki, İçərişəhərin mərkəzində yerləşən Bakı Fotoqrafiya Evinin ilk sərgisi də məhz "İçəri Şəhər" adlanır. Bu fotolayihə bizə Şəhərlə Fotoqraf arasında yarım əsr müddətində cərəyan edən dialoq prosesini izləməyə imkan verəcək. Eyni zamanda bu proyekt sanki sənədli şahidə çevrilərək bir yerdə qərar tuta bilməyən zamanın təkcə şəhərin landşaftını, işıq və havasını deyil, həmçinin onun optikasını da dəyişdirdiyini bizə təqdim edəcəkdir.

Bu sərgi iki “zaman səyyahı”nın foto kolleksiyasının birləşməsi sayəsində təşəkkül tapdı – Sənan Ələsgərov və Bəhruz Hüseynzadənın fotoqrafiyaya olan fərqli yanaşması belə bir sərgini ərsəyə gətirdi.

Rəssam və tədqiqatçı Bəhruz Hüseynzadə artıq 15 ildir ki, foto kolleksiya toplayır. Onun kolleksiyasına XIX əsrin sonu – XX əsrin əvvəlinə aid olan yüzlərlə orijinal fotoşəkil daxildir. 20 mindən çox təsviri özündə birləşdirən bu arxivdə materiallar estamp, çap və ya rəqəmsal nüsxə formasında saxlanılır.

Fotoqraf-rəssam Sənan Ələsgərovun foto kolleksiyası isə İçərişəhərlə davam edən həqiqi ünsiyyətdən yaranmışdır. Müəllif özü də İçərişəhərdə doğulub boya-başa çatmışdır. O, artıq 40 ildir ki, İçərişəhərin foto xronikasını lentə alır. Fotoqrafiya Evinin sərgisində də İçərişəhərə məxsus fotoşəkillərdən bir silsilə nümayiş ediləcəkdir.

Qeyd edək ki, Böyük Qala küçəsi 42 ünvanında yerləşən Zəncirli Binada nümayiş olunacaq “İçəri Şəhər” sərgisi  14 aprel tarixinə qədər davam edəcəkdir. Mart ayının ortalarına qədər giriş sərbəstdir.

 

Xəbərlər