Təqvim

Xərçəngə qarşı Beynəlxalq Mübarizə Birliyi (International Union Against Cancer, UICC) 2005-ci ildən başlayaraq hər il fevralın 4-də Dünya Xərçənglə Mübarizə Gününü (World Cancer Day) qeyd edir. Həmin Günün məqsədi - ictimaiyyətin diqqətini bu qlobal problemə cəlb etmək, onkoloji xəstəliklərin nə dərəcədə təhlükəli olmasını və indi çox geniş yayılmasını xatırlatmaqdır.
Bu çağırışa cavab olaraq “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi insan sağlamlığına ən böyük təhlükə törədən xəstəliyə qarşı həssaslığı artırmaq məqsədilə ictimaiyyətə vizual ismarıc göndərəcəkdir. 4 fevral 2019-cu il tarixində paytaxtımızın simvolu Qız Qalası bənövşəyi rəngə boyanacaqdır. Lavanda çiçəyinin bu füsunkar rəngi cəmiyyətin diqqətinin xərçəng xəstəliyi ilə mübarizəyə yönəlməsinə, həyatın dəyərini bilməyə səsləyir. 2019-2021-ci illərdə UICC təşkilatının şüarı isə “Mən varam və olacağam!” sözləri seçilmişdir. Daima ölkənin ictimai həyatında fəal iştirak edən “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi bu bəşəri məsələyə qarşı həssaslığını qədim abidə vasitəsi ilə çatdırır və hər bir insanı “Var olmağa” səsləyir.

Xəbərlər