24 oktyabr 2018-ci il tarixində “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı konfrans görkəmli alimlərin elmi məruzələri, “Gənc Alimlər Forumu” çərçivəsində gənc tədqiqatçıların çıxışları ilə yadda qaldı. Qonaqlar iki gün ərzində həmçinin İçərişəhəri və Heydər Əliyev Mərkəzini ziyarət edərək qədim və müasir memarlıq inciləri ilə yaxından tanış olmuşlar.
24 oktyabr tarixi xüsusən uzunmüddətdir səbirsizliklə gözlənilən “Şirvanşahlar irsi dünya muzeylərində” sərgisinin açılış mərasimi ilə əlamətdar oldu. 500 ildən çox müddətdə vətənimizdən uzaqda olan Şirvan şahlarının zirehli geyim nümunələri , Pir Hüseyn Xanəgahının nəfis kaşıları və “Şirvan-işıq” tunc qazanları “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin təşəbbüsü və Türkiyə Cümhuriyyəti, Gürcüstan Respublikasının dəstəyi ilə Azərbaycana qayıtdı. Bu əhəmiyyətli tarixi və mədəni hadisədə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva da iştirak edərək sərginin ekspozisiyası ilə yaxından tanış oldu.
Beləliklə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və AMEA-nın təşkilatçılığı ilə həyata keçirilən “Müasir Azərbaycandan tarixi Şirvanşahlar dövlətinə səyahət” adlı beynəlxalq elmi konfrans neçə-neçə layihə və onlarla alim, tədqiqatçı, beynəlxalq təşkilatları öz fəaliyyəti daxilində əhatə edərək Azərbaycan elminə və mədəniyyətinə əhəmiyyətli töhfə vermiş oldu.
Siz də 23 yanvar 2019-cu il tarixinə qədər Şirvanşahlar Saray Kompleksini ziyarət edərək möhtəşəm sərgini izləyə bilər və əcdadlarımızın yaradıcılığından ilhamlana bilərsiniz.

Xəbərlər