İçərişəhərdə tarixi və memarlıq abidələrinin genişmiqyaslı bərpa və restavrasiya işləri davam etdirilir

Xalq arasında “Qala” və ya sadəcə “Qədim şəhər” kimi tanınan İçərişəhərdə tarixi və memarlıq abidələrinin genişmiqyaslı bərpa və restavrasiya işləri davam etdirilir.

Görülən işlərlə bağlı “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Aparat rəhbəri Read Qasımov məlumat verib.

O, bildirib ki, UNESCO tərəfindən Ümumdünya mədəni irs Siyahısına daxil edilmiş İçərişəhərin qədim Qala divarları sonuncu dəfə Sovetlər dövründə ötən əsrin 50-ci illərində restavrasiya olunmuş, bu səbəbdən bu gün uzunluğu 500 metrə qədər hissəsinin restavrasiya və bərpa işlərinə ehtiyacı var: “Yüksək tarixi dəyərə malik olan bu abidənin bərpası, təbii ki, qısa müddətdə mümkün deyil və bu məsələ kifayət qədər böyük maliyyə vəsaiti tələb edir. Odur ki, Qoruq İdarəsi bu məsələni daim nəzarətdə saxlayaraq bərpa işlərinin mərhələli şəkildə həyata keçirilməsi istiqamətində səylərini davam etdirməkdədir”.

R.Qasımov hazırda “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən Kiçik Qala küçəsində, Qala divarları boyunca yerləşən bir sıra kafe və restoranlarda aparılan təmir ilə əlaqədar söylədi: “Bu təmir işləri əsla heç bir tikinti mahiyyəti kəsb etmir. Həmin ərazidə yerləşən ictimai iaşə obyektləri 10 ilə yaxın fəaliyyət göstərib və hazırda həmin ərazinin və burada böyük turist axını olan ictimai iaşə obyektlərinin abadlaşdırılmasına ehtiyac yaranmışdır.

Həmin işlər Qala divarlarına və ya hər hansı digər abidəyə zərər vurmamaqla yanaşı nə İçərişəhərin, nə də Qala divarlarının görünüşünə xələl getirməyəcək. Burada yalnız şüşə və yüngül konstruksiyalardan geniş, işıqlı terraslar qurulmaqdadır”.

Qoruq İdarəsi rəsmisinin sözlərinə görə, 2016-cı ildə Böyük Qala küçəsi 50 ünvanında aşkar edilən XVII əsrə məxsus yeraltı hamamın konservasiyası 2019-cu ildə başa çatması nəzərdə tutulub: “Qoruq İdarəsi bərpa və konservasiya işlərinin mükəmməl surətdə aparılması məqsədilə Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkəti ilə əməkdaşlıq edir. 1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılıb, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları ilə doldurulub və üzəri torpaqla örtülüb. Belə ki, həmin ərazidə hərbi komendatura yerləşdirilib. Analoği vəziyyət Sovet dövründə də davam edib. Təəssüf ki, bu illər ərzində arxeoloji qazıntı ərazisindəki bəzi divar və hörgü qalıqlarında çatlar əmələ gəlmiş və uçmaq qorxusu yaranıb. 2016-cı ildə arxeoloji qazıntı işləri nəticəsində hamamın əsas hissəsi torpaqdan təmizlənib, memarlıq quruluşu təyin olunub. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır”.

Gələcəkdə burada açıq səma altında arxeloji ekspozisiyasının fəaliyyət göstərməsi nəzərdə tutulur: “Uzun illər baxımsızlığa məruz qalmış, Bakı şəhərinin tarixində əhəmiyyətli mövqeyi olan Bakı Xanları Evi yaxın gələcəkdə əsaslı restavrasiya işlərindən sonra muzeyə çevrilərək həyata qaytarılacaqdır. Ümumlikdə, Bakı Xanları Evinin bərpası və ətrafının abadlaşdırılması işlərinin ərazisi 4500 m2 sahəni əhatə edir. 2018-ci ilin ortalarından başlanan abadlıq işləri çərçivəsində ilk öncə uzun illər məişət tullantıları ilə çirkləndirilmiş sahə təmizlənib. Daha sonra əraziyə arxeoloji tədqiqat qrupu cəlb olunub, elmi araşdırmalar aparılıb. Həmin bölgədə aşkar edilən ovdan və təndirin isə konservasiya edilməsi nəzərdə tutulur”.

Kompleksə daxil olan binalar yeni yaradılacaq muzeyin əsasını təşkil edəcəkdir: “Burada geniş sərgi zallarında quraşdırılmış interaktiv panellər vasitəsilə qonaqlar tarixi və mədəni məlumatlar ilə tanış ola biləcəklər.

Muzeyin əlamətdar xüsusiyyətlərindən biri Bakı tarixinin bədii film vasitəsi ilə bütün təfərrüatı ilə canlanması olacaq. Klassik orta əsrlərdə tarix, din, ticarət, mətbəx, məişət həyatı və ictimai həyatın al-əlvən cizgiləri xüsusi otaqlarda tamaşaçılara təqdim olunacaqdır. Beləliklə, hər bir otağın təyinatı filmin ssenarisinə uyğunlaşdırılaraq innovativ üsulların sayəsində zamana səyahət hissini yaşadacaqdır”.

Azərbaycan Milli Elmlər Akademiyasının Arxeologiya və Etnoqrafiya İnstitutunun arxeoloqu İdris Əliyev bizimyol.info-ya bildirib ki, XVII-XVIII əsrə aid hamam maraqlı və unikal abidədir: “İki əsr bu abidəyə yaxın durmaq mümkün olmayıb. Hamamın üzərində hərbi komendaturanın inzibati binası inşa olunub. Bilirdilər ki burada yeraltı hamam var. Bu günlərə qədər tarixi abidənin vəziyyəti ilə bağlı məlumat yox idi. Nə Arxeologiya və Etnoqrafiya İnstitutu, nə də memarlar bura müdaxilə edə bilmirdilər”.
İ.Əliyev tarixi abidə olan hamamda iki ilə yaxındır kəşfiyyat xarakterli qazıntı işlərinin aparıldığını bildirib: “Bu işləri mən icra edirəm. Məlum oldu ki, hamamın qalıqlarının 70 faizi yararlı vəziyyətdədir. Burada müxtəlif dövrlərə aid əşyalar tapılıb. Pul nümunələri, 100-dən artıq çıraq, saxsı məmulatlar və hamamın borularını təmizləmək üçün daş alətlər tapmışıq”.
Arxeoloq bildirib ki, hamamın bir gümbəzi bərpa olunub: “Gümbəz o dövürə uyğun bərpa olunub. Bərpa işləri tamamlanandan sonra burada maraqlı hamam muzeyi yaratmaq olar. Son 20-30 ildə İçərişəhərdə tarixi abidələrlə bağlı ən miqyaslı işlər burada aparılıb”.
“Atelier Erich Pummer GmbH” şirkətinin meneceri Çingiz Neymanzadə bizimyol.info-ya açıqlamasında bildirib ki, təmsil etdiyi şirkət yerlatı hamamda bu ilin mart ayından bərpa işlərinə başlayıb: “Bərpa işlərində əl alətlərindən istifadə olunub. Yəni necə babalarımız bu abidələri tikiblər, biz də həmin üslübda bərpa işlərini aparırıq. Təsdiq olunan plana əsasən biz işləri həyata keçiririk”.

Xəbərlər