Tahir Salahovun ev muzeyi

Tahir Salahovun ev muzeyi

Azərbaycanın görkəmli rəssamı, SSRİ və Azərbaycan Dövlət mükafatları laureatı Tahir Salahov 1928–ci il noyabr ayının 29–da Bakı şəhərində anadan olub. 1957–ci ildə V.İ.Surikov adına Moskva Dövlət İncəsənət İnstitutunu rəssam–nəqqaş peşəsi üzrə bitirib. Çoxillik pedaqoji fəaliyyətində Azərbaycan İncəsənət İnstitutu, eləcə də V.İ.Surikov adına Moskva Rəssamlıq İnstitutunda gənc rəssamlar yetişdirib. Boyakarlıq sənətinin parlaq nümayəndəsi, mövzu və janr zənginliyi, bədii forma əlvanlığı və estetik kamilliyinə görə bütün zamanlarda öz fərqliliyi ilə seçilib. Təsadüfi deyildir ki, bu gün sənətkarın bacarıqlı əllərinin məhsulu olan əsərlər dünyanın mötəbər muzeylərində və qalereyalarında, şəxsi kolleksiyalarda saxlanılır. Tahir Salahov Sovet İttifaqının, Rusiyanın və Azərbaycanın ən yüksək təltifləri və ordenlərinə layiq görülüb."Tahir Salahovun ev–muzeyi" Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 2012-ci ildə yaradılıb. Burada rəssamın Vətəninə bağışladığı və özünün rəsm əsərlərindən, şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunub. Kolleksiya 700-dən çox eksponatdan ibarətdir.

Muzey ekspozisiyası üç mərtəbəli evdə yerləşərək xatirə və bədii hissələrdən ibarətdir. Muzeyə daxil olduqda ziyarətçilər Tahir Salahovun ömrü boyu fəal şəkildə apardığı ictimai fəaliyyətini əks etdirən zəngin fotoqalereya ilə tanış olurlar. Burada rəssamla birgə dünyanın ən görkəmli siyasi, ictimai və bədii xadimlərini görmək olar. Üstəlik, burada qrafik janrda çəkilmiş dünya şöhrətli portretlər asılıb. Qeyd etmək lazımdır ki, bütün nümayiş etdirilən əsərlər dünya şöhrətli rəssamın orijinal işləridir. Divarlarda, həmçinin, Tahir Salahovun illər boyu topladığı əl işi olan xalçalar və misdən düzəldilmiş məmulatar yer alır. Ev-muzeyin ikinci hissəsində, 1-ci və 2-ci mərtəbələrdə böyük sənətkarın əsərlərinin kolleksiyası nümayiş etdirlir. Burada Tahir Salahovun ötən əsrin 60-ci illərindən bəri çəkdiyi əsərləri görmək olar: Qara Qarayevin, Dmitri Şostakoviçin, Mstislav Rоstropoviçin məşhur portretlərini, Abşeron mənzərələrini, "Koroğlu", "Dədə Qorqud" əsərlərini, "Güllər" kompozisiyasını və s. Ev-muzeyin 3 mərtəbəsində isə rəssamın emalatxanası yerləşir. Rəsm əsərlərinin yaradıldığı məkanda molbertlər, fırçalar, boyalar və, təbii ki, çoxsaylı rəsmləri görmək mümkündür.


Ünvan: İlyas Əfəndiyev küç. 55/ 3, döngə 1

Tel.: (+ 99412) 492 10 80; 492 62 67

Xəbərlər