2–4 may 2025-ci il tarixlərində Bakıda keçirilən Beynəlxalq Xalça Festivalı çərçivəsində bu gün Bakı Biznes Mərkəzində “Xalçaçılıqda ənənələr və yeniliklər” adlı Beynəlxalq Xalça Forumu keçirilib.
Festival “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Azərxalça” ASC-nin təşkilatçılığı, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi və İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-nun dəstəyi ilə baş tutur.
Forumda yerli və xarici mütəxəssislər, sənət adamları, gənc alimlər, təşkilatçı qurumların rəhbərləri və sənətsevərlər iştirak ediblər.
Tədbirin açılışında çıxış edən “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Emin Məmmədov bildirib ki, artıq ənənə halını almış bu görüşlər hər il mayın əvvəlində keçirilir. Bu da Prezident İlham Əliyevin 2016-cı ildə imzaladığı Sərəncama əsasən, 5 mayın Azərbaycanda Xalçaçı Günü kimi qeyd olunması ilə bağlıdır.
“Çox şadıq ki, belə bir bayram ərəfəsində biz artıq ikimci ildir ki festival keçiririk. Keçən il Milli Xalça Festivalını təşkil etdik. O gözəl uğurun davamı olaraq bu il Beynəlxalq Xalça Festivalına start verdik. Festivala müxtəlif ölkələrdən qonaqlar dəvət olunub. Hər birinizi İçərişəhərdə maraqlı və zəngin proqramlı festival gözləyir”, – deyə Emin Məmmədov vurğulayıb.
“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Rüfət Mahmud isə çıxışında xalçanı sadəcə bir əşya deyil, millətin yaddaşı, duyğusu, kimliyi və tarixi kimi dəyərləndirib.
“Xalça əllə toxunur, amma ürəklə danışır”, – deyə o bildirib. Rüfət Mahmud vurğulayıb ki, Azərbaycan xalçaçılıq sənəti əsrlər boyunca dünya mədəniyyətinə öz töhfəsini verib və bu gün də canlı şəkildə yaşamaqda davam edir.
Forumun açılış mərasimində AZPROMO-nun icraçı direktorunun müavini Tural Hacılı və Tatarıstan Respublikasının Mədəniyyət sahəsində innovasiyaların tətbiqi və ənənələrin qorunması üzrə Resurs Mərkəzinin direktoru Alsu Miftaxova da çıxış edərək forum iştirakçılarına uğurlar arzulayıblar. Onlar qeyd ediblər ki, bu cür tədbirlər xalçaçılıq sənətinin beynəlxalq səviyyədə tanıdılması, təcrübə və bilik mübadiləsi baxımından mühüm əhəmiyyət kəsb edir.
Forum daha sonra plenar sessiyalarla öz işini davam etdirib.
Qeyd edək ki, mayın 3 və 4-də Beynəlxalq Xalça Festivalı İçərişəhərin tarixi küçələrində davam edəcək. Qədim karvansaralar və meydanlar xalça sərgiləri, ustad dərsləri, interaktiv teatr tamaşaları və musiqili tədbirlərə ev sahibliyi edəcək. Müxtəlif ölkələrdən gəlmiş nümayəndə heyətləri öz xalçaçılıq ənənələrini təqdim edəcək, iştirakçı ölkələrin milli pavilyonları fəaliyyət göstərəcək.
Festivalla bağlı əlavə məlumatlar info@bakucarpetfest.az rəsmi internet ünvanı vasitəsilə əldə oluna bilər.