“İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi tərəfindən 15.11.2020-ci il tarixində İçərişəhərin Qala divarlarının "Qubernator" Bağı istiqamətindəki divar daşlarının tökülməsi müşahidə edilmişdir.
Yaranan problemlərin səbəbi daşın uzun illərlə ölçülən yaşı, ötən əsrin ortalarında həyata keçirilən bərpa zamanı istifadə olunan materialların keyfiyyəti, habelə iqlim faktorları və uzun müddət restavrasiya edilmədən atmosfer yağıntılarına məruz qalmasıdır.
900 metr uzunluqda olan və uzun illər bərpa-restavrasiya edilməyən, atmosfer yağıntıları və klimatik təsirə məruz qalan İçərişəhərin Qala divarının mərhələli şəkildə bərpa-restavrasiyası nəzərdə tutulur. Hazırda Qala divarlarının həmin və ətraf hissələrində zəruri möhkəmləndirmə işləri həyata keçirilməkdədir. Möhkəmləndirmə işləri Avstriyanın tanınmış “Atelier Erich Pummer" şirkəti tərəfindən həyata keçirilir.
İdarə tərəfindən növbəti mərhələdə Qala divarının qeyd olunan hissəsinin bərpa-restavrasiyası üzrə işləri müvafiq plan üzrə həyata keçirilməsi nəzərdə tutulub.
Bununla yanaşı, İdarə qarşıdakı bir neçə il ərzində tədricən İçərişəhərin bütün Qala divarları boyunca restavrasiya prosesi planını hazırda nəzərdən keçirməkdədir. Belə ki, 2019-cu ildə Qoşa Qala Qapısının portalı və ona bitişik Qala divarının bir hissəsi uğurla restavrasiya edilmişdir.
"İçərişəhər" DTMQ İdarəsi qeyd edir ki, hər zaman olduğu kimi milli tariximizin və mədəniyyətimizin nadir incisi olan qədim İçərişəhərin qorunması və saxlanması üçün bütün lazımi tədbirlər görəcəkdir.