Azərbaycanda səfərdə olan Forbes jurnalının redaksiya üzrə direktoru Nikolay Uskov "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdindəki "Qala" Dövlət Tarix-Etnoqrafiya Qoruğunda olub.

Qonaq muzey kompleksində Abşeron yarımadasının abidələri, tarixi yerləri qeyd olunmuş plan üzrə sxem və stendlərlə tanış olub. Ekskursiya çərçivəsində e.ə. III-II minilliyə aid qayaüstü rəsmlər, bütlər, kurqanlar, meqalitik abidələr, həmçinin, arxeoloji tapıntılarla zəngin Arxeoloji qalereya və orta əsrlərə aid yaşayış evlərinin konservasiya olunmuş qalıqlarına tamaşa edib. Bundan əlavə, qonağa qədim dulusçuluq, xalçaçılıq, dəmirçilik sənətinin nümunələri, interyeri və eksteryeri ilə öz dövrünü əks etdirən XIX əsrə aid ikimərtəbəli yaşayış evi də nümayiş olunub.

Təsərrüfatın canlı nümunələri – qoyunçuluq, dəvəçilik, atçılıq və digər sahələrlə tanış olan Nikolay Uskov daha sonra qoruğun ərazisində fəaliyyət göstərən Qala Əntiq Əşyalar muzeyini ziyarət edib.

Xatırladaq ki, Nikolay Uskov “Bakutel-2019” 25-ci Yubiley Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisində iştirak etmək üçün Bakıda səfərdədir. 

"İçərişəhər" DTMQİ Mətbuat xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər