Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC)

OWHC haqqında

Dünya İrsi Şəhərləri Təşkilatı (OWHC) YUNESKO-nun Ümumdünya irsi siyahısına daxil olan yerlərin yerləşdiyi 250 şəhərdən ibarət beynəlxalq qeyri-kommersiya və qeyri-hökumət təşkilatıdır. 1993-cü ildə Mərakeşdə, Dünya İrs Şəhərlərinin İkinci Beynəlxalq Simpoziumu əsnasında qurulmuşdur. OWHC-nin qərargahı Kanadanın Kvebek şəhərində yerləşir. Ümumilikdə OWHC üzvü olan 250 şəhərin 130 milyondan çox əhalisi var. Hər hansı bir şəhərin  OWHC üzvü ola bilməsi üçün əsas 2 şərt tələb olunur. Birincisi, şəhər tarixi və ya çağdaş maraq kəsb edən ərazidə yerləşməlidir. İkincisi, şəhər OWHC dəyərlərinə uyğun olmalıdır. 1993-cü ildə OWHC-nin təsis edilməsi zamanı üzv şəhərlər Təşkilatın gələcəkdə hədəflərini və vəzifələrini müəyyənləşdirdi. OWHC Ümumdünya İrs Konvensiyasının (1972-ci ildə UNESCO tərəfindən qəbul edilmiş Ümumdünya Mədəni və Təbii İrsin qorunmasına dair Konvensiya) həyata keçirilməsini hədəfləyir. Həm regional, həm də beynəlxalq səviyyədə üzv şəhərlər arasında əməkdaşlıq, informasiya və təcrübə mübadiləsini təşviq edir.

OWHC və İçərişəhər

İçərişəhər 2016-cı ildən OWHC-nin üzvüdür. İdarə son illər ərzində OWHC ilə səmərəli əməkdaşlıq etmişdir. Bu əməkdaşlığın bir nümunəsi olaraq İçərişəhər Administrasiyası 23-24 oktyabr 2018-ci il tarixlərində Təşkilatın İdarə Heyətinin 46-cı iclasına ev sahibliyi etmişdir. İştirakçılar Azərbaycanın mədəni irsinin, İçərişəhərin  zənginliyinə heyran qaldıqlarını və o cümlədən iclasın təşkilatçılığının yüksək səviyyədə olmasını bildiriblər.

 2018-ci ilin may ayında “İçərişəhər” DTMQİ İdarə Heyətinin Sədri 12-ci OWHC Regional Konfransına dəvət edilmişdir. Konfransın əsas mövzusu Ümumdünya İrs Şəhərləri qarşısında duran problemlər, mədəni turizmin meylləri, tarixi irsin qorunması və tarixi ərazilərə turist marağını artırmaq strategiyaları olub. Həmçinin, iştirakçılara İçərişəhərdə tarixi irsin qorunması istiqamətində görülən işlər və gələcək hədəfləri barədə məlumat verilib.

Xəbərlər