Sentyabrın 29-da “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsinin təşkilatçılığı keçirilən “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” I Bakı Beynəlxalq konqresinin açılışı olub.

İki gün davam edəcək konqres “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruq İdarəsi və İslam Tarixi, Mədəniyyəti və İncəsənəti Araşdırma Mərkəzinin (IRCICA) Bakıda oktyabrın 4-dək keçirilən “El sənəti” I Bakı Beynəlxalq Ənənəvi Sənətkarlıq festivalı çərçivədə təşkil olunub.

Konqresdə əvvəlcə İçərişəhərə həsr olunan sənədli film nümayiş edilib.

Tədbiri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin İdarə Heyətinin sədri Əsgər Ələkbərov açaraq bildirib ki, ölkəmizdə bu il görkəmli mütəfəkkir-şair İmadəddin Nəsiminin 650 illiyi ilə əlaqədar silsilə tədbirlər keçirilir və bu gün təşkil olunan bu konqres də bu qəbildən olan növbəti tədbirdir. Qeyd edib ki, konqresdə dünyanın 35 müsəlman ölkəsindən gəlmiş 50-dən çox sənətkarlar, alim və ekspertlər iştirak edir.

İdarəsinin rəhbəri vurğulayıb ki, Qız qalası, Qala divarları, Şirvanşahlar Sarayı zövqün, yaradıcılığın, sənətin ən gözəl nümunələridir. Bu abidələrimiz tək xalqımızın deyil, bütün dünyanın irsi hesab edilir: “İçərişəhər bizim elə bir canlı tariximizdir ki, burada daşoyma, xalçaçılıq, papaqçılıq, zərgərlik, toxuculuq, dulusçuluq, xəttatlıq kimi el sənətləri daim yaşayır və təbliğ olunur. Hazırda qədim şəhərdə əsrlərlə formalaşmış yüksək zövqün nişanəsi olan memarlıq abidələri, incəsənət və mədəniyyət nümunələri dövlət qayğısı altında qorunmaqdadır.

İslam ölkələrinin incəsənəti özünəməxsus xarakter, janr və növləri ilə əsrlərboyu şöhrət qazanıb. XIV-XV əsrlər şair İmadəddin Nəsiminin yaradıcılığında və dünya görüşündə öz əksini tapdığı üçün bu yüzillik “Nəsimi dövrü” adlanır".

Bildirilib ki, Qoruq idarəsi əsrlərlə yaşayan ənənəvi sənətkarlıq növlərinə və sənətkarlara hərtərəfli dəstək olur: "Siz bu gün də İçərişəhərdə xalça, zərgərlik, kəlağayı, ağacoyma-şəbəkə, dulusçuluq, metal işləmə, tikmə və s. ilə məşğul olan sənətkarların emalatxanalarına rast gələ bilərsiniz. Qorunub saxlanılan və nəsildən-nəslə ötürülən ənənələrlə zəngin İçərişəhərin ərazisində bu gün də sənətkarlığın dirçəlişi müşahidə edilir. Heç də təsadüfi deyil ki, qədim şəhər ərazisində “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” fəaliyyət göstərir və bu müxtəlif ənənəvi sənət növlərinin dirçəlişinə aydın sübutdur. Mərkəz keramika, batik, zərgərlik və ağac üzərində oyma sənəti kimi dörd sənətkarlıq sahəsi üzrə fəaliyyət göstərir. Burada hər bir sənət əsərinin hazırlanması keçmişdə istifadə olunan prinsip və texnikanın, müasir dövrün universal kamillik meyarları ilə ahəngdarlıq təşkil edərək yaradılmasına yönəlib".

Konqres və festival iştirakçılarına səmərəli fəaliyyət arzu edən Ə.Ələkbərov ölkəmizin tarixinin, mədəniyyətinin beşiyi olan İçərişəhərin festivalda iştirak edəcək hər bir qonağın yaddaşında xüsusi yer tutacağını qeyd edib.

IRCICA-nın baş direktoru Xalid Ərən isə “İslam dünyasında incəsənət və sənətkarlığın inkişaf perspektivləri” adlı konqresdə iştirakından məmnunluğunu ifadə edib: "Əgər İRCICA-nın əhatə etdiyi coğrafiyaya nəzər yetirsək görərik ki, bu, olduqca multikultural konqresdir. Konqres çərçivəsində müxtəlif regionlardakı sənətkarların əl işləri barədə məlumat veriləcək. Bakı konqresi yeni perspektiv üfüqləri açır. Burada demək olar ki, bütün istiqamətlərdə sənətkarlığın inkişafına nəzər yetiriləcək, təklif və tələb arasındakı münasibətlər müzakirə olunacaq, o cümlədən sənətkarların şəbəkələşməsi və onların iqtisadi cəhətdən inkişafı və beynəlxalq əməkdaşlıq müzakirə olunacaq".

Sonra tədbir məruzələrlə davam edib.

“İçərişəhər” DTMQİ Mətbuat Xidmətinin məlumatı

Xəbərlər Qalereyası

Xəbərlər