Cari layihələr

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, 2009-cu ildən  “Bakının tarixi mərkəzinin konservasiyası üzrə ətraflı  Master Plana ”a uyğun olaraq İçərişəhərin konservasiyası üzrə işləri davam etdirir. Ötən ildən başlayaraq cari layihə üzrə  bərpa və konservasiya üçün nəzərdə tutulmuş  abidələrdə  öncədən  mütəxəssislər tərəfindən obyektin vəziyyətinin diaqnostikası və ölçmə-tədqiqat işləri aparılmış və əldə olunmuş nəticələrə əsasən onun bərpa metodikası, tətbiq olunacaq texnologiya və materiallar müəyyənləşdirilmişdir. Bərpa işlərini təmin etmək  üçün nəzərdə tutulmuş xüsusi materiallardan müəyyən olunmuş abidələrdə tətbiq edilməkdədir. Hazırda bərpa və konservasiya olunan abidələrdə gedən iş prosesləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin diqqət mərkəzindədir.

Xüsusi diqqət mərkəzində olan  Yeraltı hamamda aparılan konservasiya işləri 2016-cı ildən başlanmışdır. Qoşa qala qapısı yaxınlığında aparılmış abadlıq və arxeoloji kəşfiyyat işləri  zamanı son orta əsrlərə aid edilən hamam tikilisinin qalıqları aşkar edilmişdir.  Alimlərin fikrincə, o dövrdə Bakıda sanitariya və gigiyena qaydalarına ciddi şəkildə əməl edilən gömrük hamamları fəaliyyət göstərirdilər. Bu hamamlar isə əsas giriş qapılarında tikilirdi. Çox güman ki, bu hamam da Bakı gömrüyünə xidmət edirmişdir. 1806-cı ildə Bakının ruslar tərəfindən işğalından sonra hamamın fəaliyyəti dayandırılmış, günbəzləri sökülərək, otaqları təsərrüfat tullantıları ilə doldurulmuş və üzəri torpaqla örtülmüşdür. Belə ki, həmin ərazidə hərbi komendatura yerləşdirilmişdir. 2015-ci ildə arxeoloji qazıntı işləri nəticəsində hamam kompleksinin əsas hissəsi torpaqdan təmizlənmiş, memarlıq quruluşu təyin olunmuşdur. Arxeoloji qazıntı ərazisindəki bəzi divar və hörgü qalıqlarında çatlar əmələ gəlmiş və uçmaq qorxusu yaranmışdır. Hazırda abidədə bərpa və konservasiya işləri aparılır.  Layihə planlaşdırılmış şəkildə həyata keçirilir. Gələcəkdə burada açıq səma altında arxeloji muzey ekspozisiyası fəaliyyət göstərəcək.

1171-ci ildə  inşa edilmiş Aşur məscidi öz təyinatı üzrə  ictimayətin istifadəsində idi. Təmir işləri zamanı aşkara çıxmış ciddi nöqsanlar səbəbindən abidənin bərpa və konservasiyaya ehtiyac duyulduğu bildirilmişdir. 2016-cı ildən abidədə bərpa işləri başladılmışdır. Hazırda abidənin ibadət zalında stalaktitlərlə bəzədilmiş zəngin mehrabı üzərində konservasiya işləri aparılır. Bərpa müddəti sona çatdıqdan sonra məscid yenidən ictimayətə açıqolacaqdır.

Qız qalasının yaxınlığında yerləşən Hаcı Qаyıb hаmаmı ХV əsrin sоnlаrındа Hacı Qayıb adlı şəxsin sifarişi ilə tikilmişdir. Abidənin memarı isə Hacı Bani olmuşdur. Hamam uzun əsrlər boyu torpaq altında qalmış və  1964-cü ildə təsadüfən aşkar edilmişdir. Həmin illərdə hamamda qeyri peşakar üsullarla aparılmış bərpa işləri natamam olaraq bu günümüzə qədər qalmışdır.  Cari ildən Hacı Qayıb hamamı elmi araşdırmalarla müşayiət  olunaraq Qoruq İdarəsi tərəfindən tədqiq olunmuş  layihəyə əsasən müasir texnologiya və materiallardan istifadə edilməklə  konservasiya  həyata keçiriləcək. Abidə  yeni görkəm alaraq turist marşrutlarına salınacaq və məhz turizm məqsədləri üçün istifadə ediləcək. Burada “Turizm Məlumat  Mərkəzi - 2” fəaliyyət göstərəcək.

İçərişəhərin Qoşa qala qapılarından içəri daxil olanda sol tərəfdə XVIII əsrin memarlıq abidəsi olan Bakı Xanlarının sarayının qalıqları yerləşir. Bu kompleks 1747- ci ildən 1806-cı ilə qədər Bakıda hökmranlıq etmiş Bakı xanlarının yaşayış yeri olmuşdur. 1859-1920-ci illərdə Bakı xan saray kompleksinin binalarının üzərinə mərtəbələr artırılaraq dəfələrlə rekonstruksiya işləri aparılmış və yeni tikililər əlavə edilmişdir. Bu səbəbdən də Bakı xan saray kompleksinin ilkin görünüşü təhrif olunmuşdur. Şirvan memarlıq məktəbinin bir nümunəsi olan Bakı xanlarının sarayına Qoruq İdarəsi tərəfindən xüsusi dəyər verilmiş və  onun saxlanılması məqsədi ilə planlı layihə hazırlanmışdır. Abidə bu il bərpa və konservasiya eləcə də rekonstruksiya olunaraq  yenidən canlandırılacaq və ən maraqlısı isə  müasir  üsullarla abidə muzeyləşdiriləcək. Burada İçərişəhər tarixi muzeyinin ekspozisiyasının yaradılması nəzərdə tutulur.

Xəbərlər