“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu ərazisində muzey ekspozisiyalarının yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında
AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİNİN SƏRƏNCAMI
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycanda tarixi abidələrin yerləşdiyi ərazilərdə müasir tələblərə cavab verən muzey ekspozisiyalarının yenidən qurulmasını təmin etmək məqsədi ilə qərara alıram:
- İçərişəhər ərazisində muzey ekspozisiyalarının yenidən qurulması üçün Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinə 2,0 (iki) milyon manat ayrılsın.
- Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.
- Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 16 sentyabr 2013-cü il
№3148