“İçərişəhər” DTMQİ Beynəlxalq Abidələr və Tarixi Yerlər günü münasibətilə bu il xüsusi olaraq yeni bir təşəbbüslə çıxış etdi. İçərişəhər Muzey Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə "Qala" DTEQ-da “Yaşıl Qala” devizli ağacəkmə aksiyasına start verildi. Aksiya “İçərişəhər” Qoruğu İdarəsinin əməkdaşlarının, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Xəzər rayonu İcra Hakimiyyətinin nümayəndələrinin, Qala kəndi ağsaqqalları, ziyalıları və məktəblilərinin iştirakı ilə gerçəkləşdirildi. Aksiyanın keçirilməsində məqsəd yeni turizm infrastrukturunun qurulması nəzərdə tutulan Qala kəndi ərazisində insanların yaşadığı təbii mühitin qorunması, onların sağlamlığının mühafizəsi üçün həyat amilləri sayılan suyun, havanın, torpağın təmizliyini təmin etməkdir. Aksiya zamanı qurumuş ağaclar çıxarıldı, əvəzinə yerli landşafta uyğun 250 ədəd ağac əkildi. Onlardan 100 ədədi badam, 150 ədədi isə şam, tuva və səfra ağaclarıdır. Tinglər “Qala" Qoruğu ərazisində, inzibati binaların və Qala Atçılıq Mərkəzinin ətrafında əkildi. Ağaclara aqrotexniki qaydada qulluq edilməsi məqsədi ilə xüsusi damcılı suvarma xəttinin çəkilməsi də nəzərdə tutulur.
Tədbirin sonunda aksiya iştirakçıları üçün qoruq ərazisindəki muzeylərə ekskursiyalar təşkil edildi. Ekologiyanın qorunması naminə həyata keçiriləcək bu tədbir insanlar arasında, xüsusi ilə də gənc nəsildə ekoloji mədəniyyətin və təbiətə qayğı hissinin güclənməsinə böyük töhfə olacaqdır.

Xəbərlər