Muzeylər haqqında Azərbaycan Respublikasının Qanunu

Bu Qanun Azərbaycan Respublikasında muzeylərinin fəaliyyətinin təşkilati-hüquqi, iqtisadi əsaslarını müəyyən edir və bunlarla bağlı münasibətləri tənzimləyir.

I fəsil
ÜMUMİ MÜDDƏALAR

Maddə 1. Əsas anlayışlar

Bu Qanunda istifadə edilən anlayışlar aşağıdakı mənaları ifadə edir:

muzey – maddi mədəniyyət abidələrinin komplektləşdirilməsi, mühafizəsi, öyrənilməsi, kütləvi nümayişinin və təbliğinin həyata keçirildiyi mədəniyyət, elmi tədqiqat müəssisəsi;

muzey fondu - Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərdə daimi saxlanılan, qorunan muzey əşyalarının və kolleksiyalarının məcmusu;

dövlət muzey fondu - dövlət muzeylərinin fondlarında saxlanılan mədəniyyət sərvətlərinin məcmusu;

mədəniyyət sərvətləri - "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş kateqoriyalara aid edilən, dünyəvi və dini xarakterli, tarix-bədii əhəmiyyətə malik əşyalar;

muzey əşyası - keyfiyyəti və ya xüsusi əlamətlərinə görə cəmiyyət üçün qorunub saxlanılması, öyrənilməsi və kütləvi nümayişi zəruri olan mədəniyyət sərvəti;

muzey kolleksiyası - əsas fondun tərkibində vahid tam kimi elmi, tarixi, mədəni əhəmiyyət daşıyan muzey əşyalarının məcmusu;

muzey fəaliyyəti - elmi, mədəni, mənəvi və estetik tələbatın ödənilməsi məqsədi ilə insan, onun fəaliyyəti və yaşayış mühiti haqqında mədəniyyət sərvətlərinin və maddi nümunələrin əldə edilməsi, qorunması, uçotu, tədqiqi, təbliği və nümayişi;

muzey əşyalarının və kolleksiyalarının mühafizəsi - muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanmasını təmin edən, maddi və hüquqi şərtlərin yaradılmasını nəzərdə tutan muzey fəaliyyəti;

muzey saxlancları - müvəqqəti olaraq nümayiş etdirilməyən muzey əşyalarının və kolleksiyalarının saxlandığı yer.

Maddə 2. Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri və dövlətin vəzifələri

Muzey fəaliyyəti sahəsində dövlət siyasətinin əsas prinsipləri aşağıdakılardır:

muzeylərdə mühafizə olunan mədəniyyət sərvətlərinin və əşyaların nümayişinin hamı üçün açıq olması;

milli sərvətlərin saxlandığı muzeylərin və muzey fondlarının mühafizəsinə dövlət qayğısı, onların ilk növbədə maliyyələşdirilməsi.

Muzey fəaliyyəti sahəsində dövlətin vəzifələri aşağıdakılardır:

elmi  tədqiqat və elmi-kütləvi iş aparan maddi mədəniyyət obyektlərinin toplandığı yeni muzeylərin yaradılması;

muzeylərin fəaliyyəti üçün zəruri olan normativ-hüquqi aktların hazırlanması və onların icrasına nəzarət;

muzeylərin müvafiq binalarla təmin edilməsi, muzey binalarının lazımi vəziyyətdə saxlanılması, muzey əşyalarının və kolleksiyalarının mühafizəsi vasitələri və müasir texniki avadanlıqla təmin edilməsi;

dövlət muzeylərində muzey kolleksiyalarının konservasiya və bərpası, muzey əşyalarının nadir nümunələrinin surətlərinin çıxarılması, muzey üçün əşyaların və kolleksiyaların satın alınması, elmi işlənilməsi, nəşriyyat fəaliyyəti üçün zəruri olan maliyyə vəsaitinin ayrılması;

xarici ölkə muzeylərində saxlanılan və Azərbaycan xalqının milli sərvəti olan nadir muzey əşyalarının və kolleksiyalarının tətbiqi, öyrənilməsi və Azərbaycan Respublikasına qaytarılmasının təmin olunması;

təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə və digər təhlükə yarandığı zaman muzey fondlarının mühafizəsinin təmin olunması;

muzeylərin saxlanmasına, inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə maliyyə vəsaitinin ayrılması və muzey kadrlarının hazırlanması.

Maddə 3. Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi

Muzeylər haqqında Azərbaycan Respublikasının qanunvericiliyi bu Qanundan, "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanunundan, digər normativ hüquqi aktlardan və Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrdən ibarətdir.

Bu Qanunla Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələr arasında ziddiyyət yaranarsa, həmin beynəlxalq müqavilələr tətbiq olunur.

II fəsil
MUZEYLƏR VƏ MUZEY FƏALİYYƏTİ

Maddə 4. Muzeylərin yaradılması qaydası və məqsədi

Azərbaycan Respublikasında muzeylər mədəniyyət, elmi tədqiqat, maarifləndirmə funksiyalarını yerinə yetirən müəssisə forması kimi, "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada yaradılır.

Azərbaycan Respublikasında muzeylər:

muzey əşyalarının və kolleksiyalarının aşkar edilməsi, toplanması, qorunması öyrənilməsi və təbliği;

Azərbaycan xalqının milli sərvətləri, tarixi və görkəmli şəxsiyyətləri ilə geniş xalq kütlələrini tanış etmək, ayrı-ayrı vətəndaşları həmin sərvətlərin toplanmasına və öyrənilməsinə cəlb etmək;

muzey əşyalarının və kolleksiyalarının nümayiş etdirilməsi və təhsil fəaliyyətinin həyata keçirilməsi məqsədi ilə yaradılırlar.

Maddə 5. Muzeylərin yenidən təşkili və ləğv olunması

Azərbaycan Respublikasında muzeylərin yenidən təşkili və ləğv olunması "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada həyata keçirilir. Yenidən təşkil olunma nəticəsində muzey fəaliyyətinin məqsədinin dəyişməsinə yol verilmir.

Dövlət muzeylərinin ləğvi zamanı həmin muzeylərdə olan muzey əşyaları və kolleksiyaları müvafiq icra hakimiyyəti orqanının qərarı ilə digər dövlət muzeylərinə verilir.

Maddə 6. Muzey əşyalarının və kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması

Muzey əşyalarının və kolleksiyalarının Azərbaycan Respublikasından müvəqqəti kənara çıxarılması "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanunu ilə müəyyən olunmuş qaydada həyata keçirilir.

Maddə 7. Muzeylərin köçürülməsi

Muzeylər və onların fondlarına daxil olan ayrı-ayrı muzey əşyaları və kolleksiyaları təbii fəlakət, yanğın, silahlı münaqişə, müharibə və digər təhlükə yarandığı zaman müvafiq icra hakimiyyəti orqanının qərarı ilə ilk növbədə müəyyən olunmuş qaydada təhlükəsiz yerlərə və yaxud mülki müdafiə qurumlarının müəyyən etdiyi yerlərə köçürülürlər.

Maddə 8. Muzey fəaliyyəti və onun növləri

Azərbaycan Respublikasında dövlət mülkiyyətində, bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər fəaliyyət göstərir.

Azərbaycan Respublikasında muzey fəaliyyətinə:

muzey əşyalarının və kolleksiyalarının komplektləşdirilməsi, onların uçotunun, mühafizəsinin təşkili və bütövlüyünün təmin olunması;

muzey kolleksiyaları, arxiv, kitabxana və digər materiallar əsasında elmi tədqiqatlar;

muzey ekspozisiyalarının və sərgilərin təşkili, muzey sahəsində dizayn və tərtibat işlərinin həyata keçirilməsi;

muzey əşyalarının konservasiyası və bərpasının bütün növləri;

muzey kolleksiyalarının kataloqlarının hazırlanması və nəşr olunması;

muzey kolleksiyalarının təbliği daxildir.

Maddə 9. Milli statusa malik muzeylər

Fondlarında mühafizə olunan mədəniyyət sərvətlərinin, ayrı-ayrı kolleksiyaların əhəmiyyətlilik dərəcəsinə və ölkənin mədəni həyatındakı roluna görə "Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq muzeylərə milli status verilə bilər.

Milli statusa malik muzeylər xüsusi əhəmiyyətli obyekt kimi dövlət tərəfindən qorunur.

Milli statusa malik muzeylərin işçilərinin əmək haqqlarına əlavələr müəyyən olunur.

Milli statusa malik muzeyləri ləğv etmək və onların mülkiyyət formasını dəyişdirmək, habelə binalarında kənar təşkilatların yerləşdirilməsi qadağandır.

Maddə 10. Respublika əhəmiyyətli muzeylər

Fondlarının, kolleksiyalarının əhəmiyyətinə və işinin həcminə görə respublika səviyyəsində fəaliyyət göstərən muzeylər respublika әhәmiyyәtli muzeylər hesab edilir.

Respublika əhəmiyyətli muzeylərin statusu və siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Respublika əhəmiyyətli muzeylər müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan əsasnaməyə uyğun fəaliyyət göstərir.

Maddə 11. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər

Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada yaradılır və qeydiyyata alınır. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylər qeydiyyata alındıqdan sonra müvafiq icra hakimiyyəti orqanlarında uçota götürülür və təsisçilərinin təsdiq etdikləri əsasnaməyə müvafiq fəaliyyət göstərirlər.

Dövlət bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərin inkişafına daim qayğı göstərir. Bələdiyyə mülkiyyətində və xüsusi mülkiyyətdə olan muzeylərin fondları Azərbaycan Respublikasının Dövlət muzey fondunun tərkib hissəsi kimi qorunur.

Maddə 12. Muzeylərin hüquqları

Muzeylərin hüquqları aşağıdakılardır:

Azərbaycan Respublikasının qanunvericiliyi ilə mühafizə olunan dövlət sirləri istisna olmaqla, mədəni, tarixi, siyasi, təsərrüfat və sosial istiqamətli hadisələri nümayiş etdirmək;

müvafiq təşkilatların razılığı ilə lazım sənədlərin surətini çıxarmaq;

muzeylərin fondlarına qiymətli əşyaların alınması üçün həmin məqsədə ayrılmış maliyyə vəsaitlərindən istifadə etmək;

öz gəliri hesabına, müqavilə qiyməti ilə muzey əşyaları almaq;

mətbəə məhsullarını hazırlamaq, nəşr etmək və satmaq;

gəlir gətirmək məqsədi ilə istehsal edilmiş suvenir və məmulatlar üzərində daşınar və daşınmaz muzey əşyalarının əkslərinin verilməsinə görə müəllif hüquqları onların bilavasitə mənsub olduqları muzeylərə məxsusdur. Muzey fonduna daxil olan hər hansı maddi mədəniyyət abidəsinin əksinin məmulat üzərində vermiş hər bir müəssisə, təşkilat əldə etdiyi gəlirin müəyyən faizini reklam etdirdiyi maddi mədəniyyət abidəsinin mənsub olduğu mülkiyyətçisinə ödəməlidir.

Dövlət muzeylərinin rəsmi dili Azərbaycan dilidir.

Hüquqi və fiziki şəxslərin muzey əşyalarından və kolleksiyalarından istifadə etməsi ilə bağlı nəşriyyat fəaliyyəti muzeyin razılığı və ona istinad etməklə həyata keçirilir.

Maddə 13. Muzey əşyalarının və kolleksiyalarının nümayişi

Muzey fondlarına daxil olan və dövlət muzeylərində saxlanılan muzey əşyaları və kolleksiyaları ilə vətəndaşların tanış olması təmin edilir.

Muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının nümayişinin məhdudlaşdırılması mülkiyyətçi tərəfindən aşağıdakı əsaslara görə müəyyən edilə bilər:

mühafizə olunan muzey əşyalarının və kolleksiyalarının yararsız vəziyyəti;

təmir və bərpa işlərinin görülməsi;

muzey əşyalarının və kolleksiyalarının muzey saxlanclarında yerləşdirilməsi.

Muzey saxlanclarında yerləşən muzey əşyalarının və kolleksiyalarının nümayişi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanları tərəfindən müəyyənləşdirilir.

Maddə 14. Muzey əşyalarının və kolleksiyalarının publikasiyası

Muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində yerləşən muzey əşyaları və kolleksiyaları haqqında ilk publikasiya hüququ həmin muzeylərə məxsusdur.

Muzey fondlarına daxil olan və Azərbaycan Respublikası muzeylərində saxlanılan muzey əşyalarının və kolleksiyalarının kommersiya məqsədi ilə əks etdirilməsi hüququ muzeylərə məxsusdur.

III fəsil
MUZEY FONDLARI, ONLARIN UÇOTU VƏ MÜHAFİZƏSİ

Maddə 15. Muzey fondlarının tərkibi

Azərbaycan Respublikası ərazisində fəaliyyət göstərən muzeylərin fonduna daxil edilmiş muzey əşyaları və kolleksiyaları Azərbaycan xalqının sərvətidir.

Muzey fondlarının tərkibinə aşağıdakılar daxildir:

Azərbaycan xalqının tarixi, mədəniyyəti və məişəti ilə, dövlət və cəmiyyətin həyatındakı ən mühüm hadisələrlə, elm və texnikanın, incəsənət və ədəbiyyatın inkişafı ilə, ictimai-siyasi, elm, mədəniyyət və incəsənət xadimlərinin, hərbçilərin, tarixi hadisələrin fəal iştirakçılarının həyatı ilə bağlı olan ayrı-ayrı əşyalar və kolleksiyalar;

incəsənətin memarlıq, təsviri, musiqi, teatr və tətbiqi sənət, o cümlədən xalq sənəti və digər növlərinə aid əsərlər;

geologiyanı, paleontologiyanı, mineralogiyanı, fauna və floranı, təbiətşünaslıq tarixini xarakterizə edən ayrı-ayrı əşyalar və kolleksiyalar;

əlyazmalar, qədim, nadir və qiymətli nəşrlər;

numizmatika, heraldika, epiqrafika kolleksiyaları və ayrı-ayrı əşyalar;

silah və hərbə dair atributlar, eləcə də hərb mövzusunda ayrı-ayrı əşyalar və kolleksiyalar;

qiymətli metal və daşlardan ibarət əşyalar, tərkiblərində qiymətli metal və daşlar olan tarixi, bədii və ya digər mədəni əhəmiyyətə malik ayrı-ayrı əşyalar və kolleksiyalar;

tarixi, elmi, bədii və mədəni əhəmiyyət kəsb edən digər əşyalar daxildir.

Maddə 16. Muzey fondlarının uçotu və mühafizəsi

Muzey fondlarına daxil olan sərvətlərin mühafizəsi və qorunması dövlət tərəfindən həyata keçirilir.

Muzey fondlarına daxil olan muzey sərvətlərinin uçotu və mühafizəsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.

Qiymətli muzey əşyalarının mühafizə olunduğu dövlət muzeylərində mülkiyyətçilərin müqavilə öhdəliklərini yerinə yetirə bilməmələri səbəbindən muzeylərin mühafizəsini dayandırmaq, enerji və rabitə vasitələrinin kəsilməsi qadağandır

Maddə 17. Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarına daxil edilməsi və çıxarılması

Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarına daxil edilməsi müəyyən olunmuş qaydada ekspertiza aparıldıqdan sonra həyata keçirilir.

Muzey əşyaları və kolleksiyaları muzey fondlarının əsas uçot sənədlərində müvafiq qeyd aparıldıqdan sonra muzey fondlarının tərkibində hesab edilir.

Muzey əşyalarının və kolleksiyalarının muzey fondlarının tərkibindən çıxarılması bu Qanunun 20-ci maddəsində göstərilən hallarda müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir.

Maddə 18. Muzey fondlarının əsas uçot sənədləri

Muzey fondlarının əsas uçot sənədləri uçot - mühafizə kitabları və kataloqdur.

Muzey fondlarının uçot - mühafizə kitabları muzey fondlarına daxil olan hər bir muzey əşyası və kolleksiyası haqqında əsas məlumatı əks etdirən sənəddir.

"Mədəniyyət haqqında" Azərbaycan Respublikası Qanununa müvafiq olaraq tərtib edilən "Azərbaycan Respublikasının milli mədəniyyət əmlakının Dövlət Siyahısı" və "Mədəniyyət sərvətlərinin mühafizə siyahısı" muzey fondlarının kataloqu hesab edilir.

Muzey fondlarının əsas uçot sənədləri haqqında Əsasnamə müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.

Maddə 19. Muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının dövriyyəsi

Dövlət muzey fondlarına daxil olan muzey əşyaları və kolleksiyaları müəyyən olunmuş qaydada bir hüquqi şəxsdən digərinə müvafiq icra hakimiyyəti orqanının razılığı ilə keçə bilər.

Mədəni sərvətlərin muzey fondlarına daxil edilməsi müvafiq icra hakimiyyəti orqanı nəzdində yaradılmış ekspert komissiyaları, muzeylərdə isə (xüsusi mülkiyyətdə olan muzeylərdən başqa) fond - satınalma komissiyası tərəfindən həyata keçirilir.

Muzey fondlarından muzey əşyalarının və kolleksiyalarının dövlətlər arasında mədəni mübadilə və yaxud müvəqqəti istifadə olunma məqsədi ilə verilməsi müvafiq icra hakimiyyəti orqanının yazılı icazəsi əsasında həyata keçirilir.

Muzey fondlarına daxil olan əşyaların və kolleksiyaların dövriyyə məqsədi ilə verildiyi təşkilatlar əşyaların və kolleksiyaların mühafizəsini, bununla bağlı uçot və qeydiyyatın aparılmasını təmin etməlidirlər.

Maddə 20. Dövlət muzeyləri fondlarının tərkibi

Dövlət muzeyləri fondlarının tərkibinə daxil olan muzey əşyaları və kolleksiyaları təbii fəlakət, yanğın, xarab olma habelə digər muzey əşyalarına və kolleksiyalarına dəyişmə halları istisna edilməklə, muzeydən kənarlaşdırıla bilməz.

Maddə 21. Muzeylərin fəaliyyətinə dövlət nəzarəti

Muzeylərin fəaliyyətinə dövlət nəzarəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən aşağıdakı qaydada həyata keçirilir:

muzeylərin saxlanması və inkişafı üçün maliyyə vəsaitinin ayrılması və onun xərclənməsinə nəzarət;

muzey əşyalarının və kolleksiyalarının qorunub saxlanma vəziyyətinin və mühafizə şəraitinin yoxlanılması;

muzey fondlarının dövlət qeydiyyatının həyata keçirilməsi üçün muzey əşyaları və kolleksiyaları barədə zəruri informasiyaların alınması və sorğuların göndərilməsi.

Maddə 22. Muzeylərə dövlət qayğısı

Müvafiq icra hakimiyyəti orqanı muzey fondlarına daxil olan muzey əşyalarının və kolleksiyalarının mühafizəsi və istifadəsi üçün şərait yaratmalıdır.

Müvafiq icra hakimiyyəti orqanları unikal bədii - tarixi komplekslərin, habelə ən böyük dövlət muzeylərində mühafizə edilən ümumdünya əhəmiyyətli muzey əşyalarının və kolleksiyalarının qorunması üçün xüsusi qayğı göstərirlər.

Dövlət muzeylərinin inkişafına yönəldilmiş vaxtaşırı subsidiyalara, xeyriyyəçilik və sponsorluğa görə hüquqi və fiziki şəxslər həmin məqsədə yönəltdikləri vəsait həcmində vergidən azad olunurlar.  

Maddə 23. Muzeylərin yerləşdiyi binalar

Muzeylərin yerləşdiyi binalar və onların tutduğu sahələr muzeylərin balansına verilməlidir.

IV fəsil
DÖVLƏT MUZEYLƏRİNİN MALİYYƏLƏŞDİRİLMƏSİ VƏ DÖVLƏT MUZEYLƏRİ İŞÇİLƏRİNİN SOSİAL MÜDAFİƏSİ

Maddə 24. Dövlət muzeylərini maliyyələşdirmə mənbələri

Dövlət muzeyləri dövlət büdcəsi, büdcədənkənar daxilolmalar və qanunvericiliklə qadağan olunmayan digər mənbələr hesabına maliyyələşdirilir.

Maddə 25. Muzeylərin təsərrüfat fəaliyyəti

Muzeylər qanunvericilikdə müəyyən olunmuş qaydada nizamnamələrinə (əsasnamələrinə) uyğun olaraq təsərrüfat fəaliyyəti ilə də məşğul ola bilərlər. Bu fəaliyyətdən əldə edilən gəlir bütövlükdə muzeylərin sərəncamında qalır.

Maddə 26. Dövlət muzeyləri işçilərinin sosial müdafiəsi

Dövlət muzeyləri işçilərinin sosial müdafiəsinə dövlət tərəfindən təminat verilir.

Dövlət muzeyləri işçilərinin əmək haqlarına elmi dərəcəyə (fəlsəfə doktoru, elmlər doktoru), fəxri adlara və xarici dillərdə ekskursiyalar aparmağa görə əlavələr müəyyən olunur. 

Muzeylərin statusu, spesifik xüsusiyyətləri nəzərə alınmaqla işçilərə əmək haqqından əlavə, digər ödənişlər tətbiq edilə bilər.

Müvafiq icra hakimiyyəti orqanları, müəssisə, idarə, və təşkilatlar öz tabeliklərində olan muzeylərin işçilərinə əlavə kompensasiyalar müəyyən edə bilərlər. Muzey işçiləri dövlət muzeyləri və sərgilərinə pulsuz tamaşa edə bilərlər.

Dövlət muzeyləri işçilərinin əmək haqları mədəniyyət sahəsində müvafiq icra hakimiyyəti orqanında çalışan işçilərin vəzifə maaşlarına bərabər tutulur.

V fəsil
YEKUN MÜDDƏALARI

Maddə 27. Beynəlxalq əməkdaşlıq

Azərbaycan Respublikasındakı muzeylər Azərbaycan Respublikasının tərəfdar çıxdığı dövlətlərarası müqavilələrə uyğun olaraq beynəlxalq mədəni əməkdaşlığı həyata keçirirlər.

Maddə 28. Bu Qanunun pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan hüquqi və fiziki şəxslər Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıyırlar.

 

Azərbaycan Respublikasının Prezidenti HEYDƏR ӘLİYEV

Bakı şəhəri, 24 mart 2000-ci il

№ 839-IQ

 

Xəbərlər