2011-ci ilin aprel ayından İçərişəhərin “Baş Planı” na  uyğun olaraq Qız Qalası abidəsinin bərpa və muzey konservasiyası işlərinə başlanılmış və 2013- cü ildə isə uğurla başa çatdırılmışdır.

Bu layihə çərçivəsində görülən işlərin  başlıca məqsədi tikilinin  zahiri görünüşünə xələl gətirmədən  təbii dağılma  prosesinin və əsrlərlə insan amilinin  abidəyə vurduğu ziyanı aradan qaldırmaq olmuşdur. 1960-cı illərdə  Qız qalasında  aparılmış  bərpa işlərinin natamamlığı və qeyri – mükəmməl  üsullarla aparılması səbəbindən struktur və fasadındakı daşların tamlığı  və dayanıqlığı  təmin olunmamışdır. Elmi araşdırmalarla müşayət  olunan bu layihə çağdaş texnologiya və materiallardan istifadə edilməklə  xüsusi  həssaslıqla  həyata keçirilmişdir. Abidənin fasadında zədələnmiş divar hörgüsünün  boş yerləri  və qeyri-stabil kənar zonaları əhəng qatqısı ilə bərkidilmiş,  bütün çatlar trass yapışdırıcısı və xırda qum qarışığı ilə bağlanılmışdır.

Abidənin konservasiya prosesində onun daşları arasındakı boşluqlarda  yuva salan uzunqanaq köçəri quşlar (lat. “Apus  apus”) üçün alternativ yuvalar hazırlanmışdır. Bu təşəbbüs çərçivəsində  xüsusi hazırlanmış yuvalar  abidə  ilə üzbəüz olan binada  qurulmuşdur. Qalanın özünə  gəldikdə isə ona ziyan yetirməmək  şərti ilə burada 150 – yə qədər  yuva saxlanılmışdır. Uzunqanad quşların qorunması məqsədini daşıyan  sözügüdən  layihənin uğurla gerçəkləşməsi  tarix boyu bu məkanda formallaşmış ekoloji  balansın saxlanmasını  təmin etmişdir. Çağdaş  dönəmdə Qız Qalası  muzey kimi fəaliyyət göstərərək müxtəlif   yaş  qruplu tarixsevərlər və çoxsaylı  turistlər üçün açıqdır.

 “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi, İçəri Şəhərin bərpa və konservasiyası  üzrə ərazidə gedən bərpa işlərini YUNESKO-nun təşkilati dəstəyi ilə beynəlxalq ekspertlər qrupu tərəfindən hazırlanmış “Master Plan” a  əsasən həyata keçirir.

17 - 21 oktyabr  2010-cu il tarixlərində “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi  “İçəri Şəhər irsinin konservasiyası və inkişafında “Tarixi Şəhər Landşaftı” yanaşmasının tətbiqi” mövzusunda beynəlxalq seminar keçirmişdir. Seminarda yerli mütəxəssislərlə yanaşı YUNESKO-nun Dünya İrsi Mərkəzinin ABŞ, Finlandiya, Niderland ,İtaliya, İspaniya, B.Britaniya, Fransa, Polşa, Avstriya və Avstraliya kimi ölkələri təmsil edən nüfuzlu beynəlxalq ekspertlər də iştirak etmişlər. 

Bundan əlavə   Qoruq İdarəsi bərpa və konservasiya işləri sahəsində yerli mütəxəssislərin bilik və bacarıqlarının artırılması məqsədilə Almaniyanın “Remmers” və Avstriyanın “Atelier Erich Pummer GmbH” şirkətləri ilə əməkdaşlığının nəticəsi olaraq  “Restavrasiyanın nəzəri və təcrübi əsasları” proqramı çərçivəsində, "İnşaat qurğularının təhlili" mövzusunda 4 silsilə seminar keçirmişdir. Seminarlarda yerli bərpaçılar müasir  bərpa metodlarından və texnologiyalarından istifadə təcrübəsi toplamışdılar.

Qeyd edək ki, bu gün tarixi  memarlıq abidələrinin özünə məxsusluğunu və uzun ömürlüyünü təmin etmək üçün müasir  bərpa metodlarından istifadə edilir. Şəhərsalma tarixi nəzərə alınmaqla ərazinin ansanblında önəmli yer tutan,  bir cox abidənin hissə və ya qalıqları üzərində elmi araşdırmalar aparılır. Elmi araşdırmaların nəticəsi olaraq, bərpaçı hipotez  ( şəxsi qənaətləri ifadə edən fikirlər) və analoqdan (oxşar fikirlər) istifadə edərək düzgün müəyyənetmə nəticəsində sübut olunan hissələri bərpa olunaraq obyektin  ilkin görkəmini əldə edir. Bərpanın  əsas məqsədi qədim tikilinin yenidən canlandırılması və abidənin özəlliyini açıb göstərməkdir. Bu özəlliyi şəhərmizin qonaqlarına və yerli əhaliyə müasir  üsullarla təqdim edən ən effektiv vasitə  abidələrin  muzeyləşdirilməsidir. İçərişəhərdə  abidələr əhəmiyyət dərəcəsinə görə müxtəlif formada muzeyləşdirilir. Bu da tarixi şəhərin keçmişini  dinləndirən və dövrünün tarixindən danışan əsas vasitəçidir.

Burada dünya əhəmiyyətli abidələr muzeyləşdirilərək bir mənalı olaraq abidəyə həsr olunur (Qız qalası, Şirvanşahlar sarayı, Məhəmməd məscidi). ölkə əhəmiyyətli abidələr isə qismən muzeyləşdirilərək  funksiyasına uyğun  müstəqil obyektə çevrilir (karvansaralar, məscidlər və hamamlar). yerli əhəmiyyətli abidələrdə isə qarışıq muzeyləşdirmə aparılaraq, müxtəlif növ ekspozisiya kompleksləri cəmləşdirilir (xüsusəndə XIX - XX əsrin yaşayış binalarında).

İçərişəhərin abidələri və muzeyləri xalqa xidmət etməklə yanaşı əhalinin  ictimai şüurunun formalaşmasında, həmçinin tarixi gerçəkliklərin  öyrənilməsində böyük rol oynayır.

Qapılarını  ziyarətçilərin üzünə açan İçərişəhər - abidələr muzeyi  kimi inkişaf edir.

 

Xəbərlər