“Vertiqo” tarixi materialları müasir təfsir edən səs instalyasiyasıdır. İnstalyasiya 14.12.2017-ci il tarixindən etibarən YUNESKO-nun Ümumdünya Mədəni İrs siyahısına daxil edilmiş XV əsrə aid Şirvanşahlar Sarayında təqdim edilir. Rəssam Fərhad Fərzəliyev, şairə Leyli Salayeva, musiqi prodüseri Cahangir Səlimxanov və sərginin kuratoru Əsli Səmədova birgə həyata keçirdikləri bu layihədə dahi Azərbaycan şairi və filosofu Nizami Gəncəvinin (1141-1209) qələmə aldığı “Yeddi gözəl” (1197) poemasından bir hissənin transformasiyasını araşdırır və müasir zamanda onun gələcək inkişafını təsvir edirlər.

"Vertiqo" instalyasiyasında gender münasibətlərində baş vermiş dəyişikliklər və bəşəriyyətin tarixi boyunca müxtəlif mədəniyyətlərin bir-birinə nüfuz edərək dəyişməsi əks olunur. Ziyarətçilərə portativ radio cihazı və qulaqcıqlar verilir və onlar Şirvanşahlar Sarayının ərazisində hərəkət edərək yazılmış musiqi parçaları, təbiət səsləri, mahnılar və məhəbbət şeirlərinin vəhdətindən yaranan səs "tapmaca"larından ibarət radio dalğalarını tuturlar. Ziyarətçilərin hərəkət marşrutu və radio proqramı vasitəsilə tutduqları səslər fərqli olduğundan sərgi hər kəsə təkrarolunmaz təəssürat bağışlayır.

Festivalın bir parçası olan “Vertiqo” səs instalyasiyası “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunun yaranmasının 10 illik yubileyi və UNESCO-nun Azərbaycan Respublikası Milli Komissiyasının 25 illiyi ilə bağlı olan tədbirlər proqramına daxildir və 31.03.2018-ci il tarixinə qədər ziyarətçilərin yolunu gözləyir.

 

 

Xəbərlər